Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 14-ü və
15-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində cari ilin
fevral ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə
keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin
təyinatı Səhiyyə Nazirliyinin Kollegiyasının 13 oktyabr 2014-cü il
tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən
həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun
olaraq həyata keçirilib.
Pediatriya, nevrologiya, kardiologiya, stomatologiya,
onkologiya, oftalmologiya, revmatologiya və digər ixtisaslar üzrə
69 həkim-mütəxəssis təyinatda iştirak edib. Həkim-mütəxəssislər
təyinat zamanı onlara təklif olunan həkim vəzifələri üzrə mövcud
vakant yerlərdən seçim etmiş və onlara iş yerlərinə göndəriş
verilib.
Qeyd edək ki, həkim-mütəxəssislər göndərişlə işə qəbul
olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb
müəssisəsələrində işləməlidirlər.