Xəbər - Fərid Zöhrabov – Trend:
Dünən sosial şəbəkələrdə şəkərli diabetdən əziyyət çəkən
insanların pulsuz dərman almaq üçün xəstəxana qarşısında kütləvi
növbəsini əks etdirən görüntülər yayılıb.
Trend xəbər verir ki,
görüntülər Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısında
çəkilib.
Çəkilən kadrlardan da aydın görünür ki, xəstələr dərmanları
növbəli şəkildə ala bilmir.
Yayılan görüntülərlə bağlı Quba RMX-dan AzerTimes-ın sorğusuna cavab
olaraq bildiriblər ki, şəkər xəstələri üçün nəzərdə tutulan dərman
vasitələri mərhələli şəkildə verilir.
“Vətəndaşların müraciəti eyni günə təsadüf etdiyindən dərman
vasitəsinin verilməsində sıxlıq müşahidə olunub. Qısa müddət
ərzində növbəlilik prinsipi gözlənilməklə bütün şəkər xəstələrinə
dərmanların verilməsi həyata keçiriləcək”, – açıqlamada
deyilir.
Twitter:@FaridZohrabov