Xərçəngin müalicəsi üzərində çalışıram – Əziz Səncər

Xərçəngin müalicəsi üzərində çalışıram – Əziz Səncər

Xəbər verildiyi kimi, dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Bakıya gəlib.

AzerTimes Teleqraf.com-a istinadən Əziz Səncərlə müsahibəni təqdim edir:

– Əziz bəy, Yunus Əmrə İnstitutunun Bakı nümayəndələyində gənclərlə görüş keçirdiniz. Azərbaycana budəfəki gəlişinizin səbəbi nədir?

– Əvvəla qeyd edim ki, Yunus Əmrə İnstitutunun bütün türk dünyası üçün xüsusi əhəmiyyəti var. Həm humanist yanaşmasına, həm də türk mədəniyyətini təmsil etdiyinə və gələcək nəsillərə ötürdüyünə görə böyük önəm kəsb edir. Bu baxımdan Yunus Əmrə İnstitutunun fəaliyyətini Azərbaycanda və dünyanın bir çox ölkəsində görmək məni çox sevindirir. Qəlbimdə Azərbaycanın ayrı bir yeri var. Və hər fürsətdə Bakıya gəlmək istəyirəm. Bu dəfə də konfranslarda iştirak etmək və tələbələrə elm sahəsini aşılamaq üçün gəlmişik. Azərbaycanlı qardaşlarımı görməkdən məmnunluq duyuram.

– Elm sahəsinə nə kimi yeniliklər gətirmək barədə düşünürsünüz?

– Hazırda elm sahəsində beyin xərçənginin müalicəsi mövzusunda çalışıram. Çox çətin bir mövzudur. Bizim kimi bu sahədə çalışan çox insan var. Amma bizim öz ixtiralarımız var və işlərimizə bu istiqamətdə davam edirik.

– Bütün Türk dünyasının gəncləri üçün örnəksiniz. Xarici ölkəyə getmək, orada təhsil almaq istəyənlər çoxdur. Sizi Amerikaya aparan səbəb nə oldu?

– O zaman sadəcə Amerikada elm sahəsi inkişaf edirdi. Avropa ölkələri ikinci dünya müharibəsindən sonra iflas etmişdi. Beləliklə, orada elm sahəsi yox dərəcəsində idi. Bu baxımdan Amerikaya getdim. Amma hazırda Avropa ölkələrində, xüsusilə də Almaniya və İngiltərədə Amerika səviyyəsində elmlə məşğul olmaq imkanı var. Amerikaya getmək daha yaxşıdır. Amma Avropa ölkələri buraya daha yaxın olduğuna görə Almaniya və İngiltərədə də yüksək səviyyədə elmi təhsil almaq mümkündür.

Kimya üzrə Nobel mükafatı laureatı kimi gənclərə nələri tövsiyə edərdiniz?

– Gecə-gündüz çox çalışmaqdan başqa uğur qazanmağın yolu yoxdur. Uğur qazanmaq istəyirsinizsə, çox çalışmaq lazımdır. Siz adi saatlarda diqqətinizi toplayıb işləyə, futbol oynaya və ya dostlarınızla kinoya da gedə bilərsiniz. Mən onları etməmişəm və yaşlandıqca buna görə peşman olmuşam. Anam deyirdi ki, “oğul, sənin üzərində nəfsinin haqqı var. Nəfsinin istəyi sənin əylənməyin və həyatdan zövq almağındır, sən bunu heç vaxt etmirsən. Sənin işin-gücün işləməkdir”. Ona görə də hər kəsə mənim etdiklərimi etməyi tövsiyə etməzdim. Həyatda başqa şeylər də var, onları da etməyə çalışın. Amma iddialı alim olmaq istəyirsinizsə, çox çalışmalısınız. Bunun başqa yolu yoxdur.

– Beyin xərçənginin müalicəsi üzərində çalışdığınızı qeyd etdiniz. Nələr xərçəng riskini azaldır?

– Həddindən artıq yemək və çox ət qəbul etmək sağlamlığa zərərlidir. Artıq çəki sağlamlığınız üçün ziyandır. Tərəvəz və meyvələr yemək faydalıdır. İnsanlara məsləhətim odur ki, müəyyən miqdarda ət qəbul etsinlər. Sağlam həyat tərzi yaşamaq üçün çox yeməmək və çox kalori və ya çəki almamaq vacibdir.

– Elm sahəsində uğurlarınız çoxdur. Maraqlıdır, motivasiya mənbəyiniz nədir və yaxud da örnək aldığınız insan olubmu?

– Mən üçün örnək şəxs atam olub. Atam həyatımda tanıdığım ən zəhmətkeş insan idi. Mən çox kiçik bir şəhərdə böyümüşəm. Oradakı kişilərin çoxu işsizlik səbəbindən vaxtlarını çayxanalarda keçirirdilər. Atam nadir hallarda çaycanaya gedirdi. O, yayda da, qışda da vaxtını qovaq bağında keçirirdi. Əsas gəlirimiz qovaq ağaclarından olardı. Ona görə də həmişə atamı nümunə götürmüşəm. Atam kafedə “poker oyunları” oynamırdı.

– DNT təmirinin çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyiniz ilk biokimyəvi yanaşmalarınız ilə tanınırsınız. DNT təmiri sahəsində 6 vacib kəşfin sahibisiniz. Niyə DNT təmiri ilə bağlı araşdırma aparmaq istədiniz?

– Mən tibb ixtisası üzrə təhsil alarkən DNT yeni-yeni Türkiyəyə gəlirdi. DNT-nin nə olduğunu ilk dəfə üçüncü sinifdə öyrənmişəm. Mənə çox maraqlı gəldi və bu mövzuda öyrəniləcək çoxlu mövzular və soruşulacaq suallar var idi. Kəşf etdiklərim dərsliklərə daxil olduğu üçün xoşbəxtəm.

– Bugünkü şərtlərdə DNT təmiri ilə xərçəngə qalib gəlmək mümkündürmü?

– Bugünkü mühazirələrimdə də beyin xərçənginə qalib gəlmək haqqında məlumat verirəm. Amma beyin xərçəngini müalicə edib-edə biləcəyimizdən əmin deyiləm. Hərçənd ki, əldə etdiyimiz dəyərlərin göstəricisi müsbətdir. İnşallah əldə etdiyimiz nəticələr beyin xərçənginin müalicəsinə kömək edər.

Teqlər: