Xələf Xələfov Almaniyaya səfər edib

17 mart 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Xələf Xələfov Almaniyaya səfər edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, səfər
çərçivəsində nazir müavini AFR-in Xarici İşlər Nazirliyinin Şərqi
Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Mattias
Lüttenberq və AFR-in federal kanslerinin xarici və təhlükəsizlik
siyasəti üzrə müşavirinin müavini Kristian Aulbaxla görüşlər
keçirib.

Görüşlərdə Azərbaycan və Almaniya arasında ikitərəfli
münasibətlər, eləcə də ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı,
beynəlxalq aləmdə və regionda baş verən proseslərə dair geniş fikir
mübadiləsi aparılıb.

Cari ildə iki ölkə arasında diplomatik münasibətlərinin
qurulmasının 30 illiyinin qeyd olunmasına istinadən, ikitərəfli
münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər, Azərbaycan və Almaniya arasında təşəkkül tapmış
intensiv və səmimi siyasi dialoqun Almaniyanın yeni hökuməti ilə də
davam etdiriləcəyinə ümidlərini ifadə ediblər. Həmçinin iqtisadi
əlaqələrin inkişafı, Almaniyanın işğaldan azad edilmiş
ərazilərimizin yenidənqurma işlərində fəal iştirakı, enerji
sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair imkanlar müzakirə
edilib. Eləcə də Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı
olması və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol
oynaması vurğulanıb.

Xələf Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və
üçtərəfli bəyanatların imzalanmasından sonra yaranmış yeni
reallıqlar, regionda davamlı sülhə nail olunmasına dair imkanlar və
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair
mövqeyimiz barədə ətraflı məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o
cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni
zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

Teqlər: