“Xatirələrdə, ürəklərdə yaşayır Babək” adlı tədbir hər kəsi qürurlandırıb (FOTO)

Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günləri silsilə vətənpərvərlik tədbirləri ilə qeyd edilir, onların məzarları ziyarət olunur, ailələrinə baş çəkilir, xatirələri ehtiramla yad olunur.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, vətən müharibəsinin unudulmaz şəhidlərindən olan polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun doğum günündə Müdafiə nazirliyinin rəsmiləri, ailə üzvləri və yaxınları, eləcə də döyüşçü dostları, ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanına gələrək şəhidin məzarı üzərinə əklillər qoyub, çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Din xadimi şəhidlərin ruhuna dualar oxuyub, hərbi ənənələrə uyğun olaraq bir dəqiqəlik sükut elan edilib, orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Polkovnik Abdulla Qurbani qəhrəman zabitin qısa, lakin şərəfli ömür yolu, Azərbaycan Ordusundakı şərəfli xidmətləri və Vətən müharibəsində göstərdiyi komandirlik məharəti, şəxsi mərdlik və şücaət nümunələri barədə ətraflı məlumat verib.
Nəzərə çatdırılıb ki, Babək Meyvəddin oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi), 2004-cü ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzini (indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) “Zabit ixtisas kursu”nu bitirib.

Gənc leytenant B.Ramaldanov Azərbaycan Ordusunda motoatıcı taqım komandirliyindən hərbi hissənin qərargah rəisi – briqada komandirinin müavini vəzifəsinə və “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib.

Hansı hərbi hissədə, hansı vəzifədə xidmətindən asılı olmayaraq qarşıya qoyulan xidməti vəzifələrin öhdəsindən layiqincə gəlib, komandanlığın göstərdiyi etimadı ləyaqətlə və vicdanla doğruldub, şəxsi heyət arasında böyük hörmət qazanıb.

Peşəkar, təcrübəli, intellektual səviyyəli, yüksək əxlaqi-mənəvi və iradi keyfiyyətlərə malik zabit kimi tanınıb.
2019-cu ildə Rusiya Fedarasiyası Müdafiə Nazirliyinin Ümumqoşun Akademiyasını fərqlənmə diplomu və qızıl medalla bitirib. Adı akademiyanın “Şərəf kitabı”na yazılıb.

A.Qurbani bildirib ki, Babək Ramaldanov sağlığında “Azərbaycan Ordusunun 90 illiyi (1918-2008)”, “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları, o cümlədən “Qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli” medallarla təltif olunub.

Vətən müharibəsinin ilk günlərindən Murovdağın strateji yüksəkliklərinin azad edilməsi uğrunda müqəddəs savaşa atılan igid zabitimiz sonralar Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin azad edilməsi naminə aparılan hərbi əməliyyatlarda iştirak edərək hərbi hissənin qarşısına qoyulan döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyib.

2020-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Hovuslu kəndini azad edərkən şəhidlik zirvəsinə ucalan igid zabitimizin nəşi iki gün sonra döyüş meydanından çıxarılaraq böyük izdihamın iştirakı ilə hərbi və dini ənənələrə uyğun olaraq İkinci Şəhidlər xiyabanında son mənzilə uğurlanıb.

Cəbhələrdə onunla tez-tez rastlaşan və qəhrəmanlıqlarına yaxından bələd olan polkovnik A.Qurbani “Xan oğlan xan dayısına çəkər” el məsəlini xatırladaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Babək Ramaldanov xalqımızın və Ordumuzun şəxsi heyətinin yaxşı tanıdığı, ulu öndər Heydər Əliyevin 50 əvvəl yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin ilk məzunlarından biri, Milli Ordu quruculuğunda müstəsna xidmətləri olan, 1993-1994-cü illərin məşhur “Horadiz əməliyyatı”nın qəhrəmanı, iki dəfə “Azərbaycan Bayrağı” ordeni və bir çox döyüş medalları ilə təltif olunan polkovnik Şair Ramaldanovun bacısı oğludur və o da dayısına çəkib, dayısının yolunu seçib və Ramaldanovlar ailəsinin şərəfini həmişə uca tutub.

Şəhidin anası Xalidə xanım otuz ildən çoxdur ki, hərbi liseydə çalışır, gələcək zabitlərin, generalların daha sağlam, gümrah böyüməsi üçün səylərini əsirgəmir.

Ramaldanovlar ailəsi Azərbaycan Ordusuna ondan çox peşəkar zabit bəxş edib və onlar bu gün də Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edirlər.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bacısı oğlu ilə fəxr etdiyini vurğulayıb. Bütün şəhidlərimiz kimi, Babəkin də intiqamının döyüş meydanında vuruşaraq alınmasına, tarixi ədalətin, ərazi bütövlüyümüzün bərpa edilməsinə, otuz illik həsrətə son qoyulmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə nazirliyinin rəhbərliyinə, hər bir Vətən əsgərinə minnətdarlığını bildirib.

Babəkin dayısı oğlu, bu gün də Azərbaycan Ordusu sıralarında Vətənə sədaqətlə xidmət edən baş leytenant Əmirbəy Ramaldanov deyib: “Mən də Vətən müharibəsinin ilk günündən döyüşlərdə idim. Ermənistan üzərində qələbə çalacağımıza, düşməni sındıracağımıza, tarixi torpaqlarımızı işğaldan azad edəcəyimizə, nəyin bahasına olursa-olsun, öz varlığımız kimi inanırdıq. Bizi döyüşdən-döyüşə, qələbədən-qələbəyə aparan Vətən torpağına sonsuz sevgimiz, döyüş ruhumuz, vətənpərvərlik hissimiz, xalq ilə ordunun mənəvi birliyi, həmrəyliyi və hər şeydən öncə, Müzəffər Ali Baş Komandanımıza inamımız idi. Biz yaxşı bilirdik ki, şəhid olsaq qanımız yerdə qalmayacaq, qazi olsaq yaralarımıza məlhəm tapılacaqdır, ailəmiz hər cür diqqət və qayğı ilə əhatə olunacaqdır.

Bibim oğlu Babək şəhid oldu, mən isə qanlı döyüşlərdən qalib ordunun qalib zabiti kimi qayıtdım. Xidmətlərim də ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirildi. “Azərbaycan Bayrağı” ordeni və bir neçə döyüş medalı ilə təltif olunmuşam. Kaş Babəkin də ordeni ailəsinə deyil, şəxsən onun özünə təqdim ediləydi. Nə etmək olar, qismət belə imiş. Bundan sonra mən iki ömür yaşamalıyam. Xalqımızı əmin edirəm ki, Babək qardaşımın yarıyolda qırılan cavan ömrünü də öz ömrümə qataraq bundan sonra da xidmətimi şərəflə davam etdirəcəyəm.

Şəhidin atası Meyvəddin Ramaldanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına, ziyarətçilərə minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları Xətai rayonundakı Kazımağa Kərimov küçəsində xatirə abidəsinin açılış mərasimində iştirak ediblər. Abidə üzərində qoşa qanad kimi Birinci Qarabağ müharibəsinin şəhidi, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Kazımağa Möhsün oğlu Kərimovun və “Azərbaycan Bayrağı” ordenli şəhid zabitimiz Babək Meyvəddin oğlu Ramaldanovun surətləri həkk olunub.

Polkovnik Abdulla Qurbani hər iki şəhidin həyat və döyüş yolları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Kazımağa Kərimov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb.


1988-ci ildə doğma Vətənimizin üzərini qara buludlar aldığı bir zamanda Kazımağa Möhsün oğlu da özünün bir Azərbaycan övladı olaraq torpaqlarımızın müdafiəsinə qalxmağa borclu olduğunu dərk edib və evini, ailəsini, hər şeydən uca tutduğu peşəsini arxada qoyaraq cəbhə bölgəsinə yollanıb. Onun döyüş yolu təkcə doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, həm də Goranboy rayonundan keçib.

Həmin rayonda yaradılan ilk könüllü özünümüdafiə taborlarından birinə komandir müavini təyin edilən K.Kərimov “baş leytenant” hərbi rütbəsi altında doğma torpaqlarımızın müdafiəsində fəal iştirak edib və o, 15 iyun 1992-ci ildə ömrünün 41-i baharında şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə Milli Qəhrəman Kazımağa Kərimovun oğlu Rəşad Kərimov da iştirak edib. O, Vətən müharibəsi şəhidləri ilə yanaşı, Birinci Qarabağ müharibəsinin şəhidlərinin də unudulmadığına görə minnətdarlığını bildirib.

Mərasimdə şəhidin atası Meyvəddin Ramaldanov, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini icra edən Pənah İmanov, şəhidin dayısı Şair Ramaldanov, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Əmirbəy Ramaldanov və ictimaiyyət nümayəndələri çıxış ediblər.

Babək Ramaldanovun nənəsi Nuridə xanım üç “polkovnik” oğulun anası, neçə-neçə zabitin nənəsi olmağı ilə fəxr etdiyini, nəticələrinin də hərbi peşələri seçəcəklərinə əminliyini bildirib və tədbir iştirakçılarına bu mübarək ziyarətləri üçün xeyir-dua verib.

Tanınmış ictimai-siyasi xadim, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu kimi tədbirlərin əhəmiyyətindən və xüsusən gənclərin qəhrəmanlıq ənənələri ruhunda tərbiyə olunmasında mühüm rol oynadığından danışıb. Müdafiə nazirliyinin bu istiqamətdə fəaliyyətini də yüksək qiymətləndirib.

Şəhidin oğlu Süleymanın söylədiyi atasına həsr olunan şeir alqışlarla qarşılanıb.

Tədbir hərbi orkestrin ifa etdiyi “Heyratı”, “Mehtər” marşlarının müşayiəti və A.Qurbaninin söylədiyi şeirlə başa çatıb:

Bayrağım Babəkin qanlı köynəyi,

Bu bayraq heç zaman enməyəcəkdir!

Oğullar yataqda, qızlar duvaqda

Əcəl kəfənini geyməyəcəkdir!

Elə oğullar var bizim Orduda,

Atından endirər şər qüvvələri.

Komandan əmrinə hazırdır bu gün

Hünər qüvvələri, ər qüvvələri!

Teqlər: