Zahidanın sünni imamı Mövləvi Əbdül Həmid cümə günü axşam saatlarında təhlükəsizlik qüvvələrinin Xaşda etirazçılara qarşı sərt müdaxilələri kəskin tənqid edib.
AzerTimes xəbər verir ki, Zahidanın əhli-sünnə imamı verdiyi açıqlamada bu hadisədə ən azı 16 nəfərin həlak olduğunu, onlarla insanın yaralandığını bildirib.
Onun sözlərinə görə, Xaş şəhərinin icra başcısının binası qarşısına toplaşan bir neçə yeniyetmə və gənc şüarlar səsləndirərək, daş atmağa başlayıblar ki, bu da birbaşa döyüş güllələrinin hədəfinə çevrilib.
Mövləvi Əbdül Həmid bildirib: “Şüarlara və daş atmağa cavab döyüş güllələridirmi?! Sistan və Bəlucistanda etirazçılara münasibət nə üçün ölkənin digər bölgələrindən fərqlidir?”
İmam cümə Bəlucistanda xalq etirazları ilə mübarizə üsulunu qəti şəkildə pisləyərək deyib ki, belə bir prosedur bu vilayətin əhalisinə qarşı ayrı-seçkiliyin dərinliyini ortaya qoyur.