Xarici TIR sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları
tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində
xarici ölkə vətəndaşlarının etibarından sui-istifadə edərək
dələduzluq yolu ilə onları aldadan əvvəllər məhkum olunmuş Aydın
Qambayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, araşdırma
zamanı müəyyən edilib ki, həmin şəxs özünü xaricə müxtəlif
təyinatlı məhsullar ixrac edən iş adamı kimi təqdim edib. Aydın
Qambayev Bakı şəhərində olan və beynəlxalq yükdaşıma ilə məşğul
olan müxtəlif xarici ölkə vətəndaşları olan TIR sürücülərini guya
onların avtomobilləri ilə yük göndərəcəyi adı altında aldadaraq
zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Aydın
Qambayev 20-ə yaxın TIR sürücüsünü dələduzluq yolu ilə aldadıb.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 29-cu Polis Şöbəsində
toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq
Şöbəsinə göndərilib. Aydın Qambayevin digər cinayət əlaqələrinin
aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis
orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial
şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Teqlər: