Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələn xarici qonaqda tropik malyariya xəstəliyi aşkar edilib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib ki, İslamiada ərəfəsində hərarətli 3 nəfər şübhəli vətəndaşdan qan nümunələri götürülərək laboratoriyada yoxlanılıb.
S. Məmmədovun sözlərinə görə, onlardan iki nəfərdə heç bir xəstəlik müşahidə edilməyib və diaqnoz təsdiqlənməyib. Şöbə müdiri qeyd edib ki, yalnız bir nəfərdə – Uqandadan olan 1973-cü il təvəllüdlü Nasivi Zaid Sadiqdə tropik malyariya aşkar edilərək təsdiq edilib: “O, Kliniki Tibbi Mərkəzdə 3 gün ərzində müvafiq dərman preparatları ilə tam müalicə olunaraq sağaldıqdan sonra xəstəxanadan buraxılıb. Həmin şəxsin Uqandadan gələn komandalardan birinin kapitanı olduğu deyilirdi. Öz ölkəsində tropik malyariyaya yoluxan vətəndaş Azərbaycana gəldikdə artıq xəstə olub. Tropik malyariya Azərbaycan üçün xarakterik deyil. Bu ancaq Afrika və digər ölkələr üçün xarakterikdir. Uqanda vətəndaşı da öz ölkəsində xəstələnib, sadəcə xəstəliyin əlamətləri yalnız Azərbaycanda olan dövrə təsadüf edib”.
S. Məmmədov əlavə edib ki, oyunlar başlamadan öncə bütün işçilər məlumatlandırılıb. Onun sözlərinə görə, belə bir hal olarsa, mütləq təcili müayinə üçün qan nümunələri götürülməli və yoxlanmalıdır