Xəbər - Fərid Zöhrabov – Trend:
Hazırda qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problem
xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata
keçirilməsidir. Bu da öz növbəsində daşıyıcıların rentabelliyinə
ciddi zərbə vurur. Daşıyıcılar daha çox Gürcüstan dövlət nömrə
nişanlı avtobusların fəaliyyətindən şikayətləniblər.
Bu barədə AzerTimes-ın
sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
bildiriblər.
Qeyd edilib ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində
qeyri-müntəzəm avtobus daşıyıcıları ilə görüş keçirilib. Görüşdə
daşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər, onların həlli
yolları müzakirə olunub. Görüş zamanı daşıyıcıların təklifləri
dinlənilib. Qərara alınıb ki, kommunikasiya çevikliyinin təmin
edilməsi məqsədilə daşıyıcılarla Dövlət Avtomobil Nəqliyyatı
Xidməti arasında vahid əlaqə kanalı yaradılsın və məsul şəxs təyin
edilsin. Həmçinin, belə nəqliyyat vasitələrinin nömrələri və
onlardan istifadə edən daşıyıcılar müəyyən olunaraq müvafiq dövlət
orqanı ilə birgə onlara qarşı tədbirlər həyata keçirilsin.