Xarici İşlər Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib (FOTO)

7 may 2022-ci il tarixində Xarici İşlər Nazirliyinin rəhbər
heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümü münasibətilə Naxçıvan Muxtar
Respublikasına səfər edib. Səfərin məqsədi Ulu öndərin əziz
xatirəsinin Heydər Əliyevin anadan olduğu Naxçıvan şəhərində yad
edilməsindən ibarət olub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Naxçıvan Dövlət Milli
Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99
illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”
mövzusunda konfrans keçirilib və ümummilli lider Heydər Əliyevin
həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı fotoşəkillərdən
ibarət sərgi təşkil edilib.

Konfransda AR Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbov və AR xarici işlər naziri Ceyhun Bayramov çıxış
ediblər.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif
Talıbov çıxışında Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu
xarici siyasət strategiyasının Azərbaycanın təhlükəsizliyinin və
dövlətçiliyinin etibarlı təminatı olduğunu qeyd edib. O, Ulu
öndərin uzaqgörən və müdrik xarici siyasətindən bəhs edərək,
Naxçıvan Muxtar Respublikasında xarici siyasətlə bağlı qəbul edilən
qərarların sonrakı dövrdə ölkəmizin diplomatik münasibətlər
sisteminin mühüm tərkib hissəsinə çevrildiyini vurğulayıb. Heydər
Əliyevin xarici siyasət xəttinin uğurlarını vurğulayan Ali Məclis
sədri xarici dövlətlərlə bərabərhüquqlu və ölkəmizin mənafeyinə
xidmət edən ikitərəfli əlaqələr yaradıldığını, Azərbaycan dünyanın
mötəbər beynəlxalq təşkilatlarına üzv seçildiyini, qısa müddətdə
Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini,
“Əsrin müqaviləsi”nin imzalanması, tarixi İpək Yolunun bərpası,
eləcə də digər strateji nəqliyyat-kommunikasiya layihələri
ölkəmizin beynəlxalq nüfuzunu artırdığını vurğulayıb. Tədbir
iştirakçılatının diqqətinə çatdırılıb ki, İkinci Qarabağ
müharibəsində qazanılmış tarixi Zəfər də ölkəmizin hərbi qüdrəti
ilə yanaşı, həm də ümummilli liderimiz Heydər Əliyevin böyük
müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət
strategiyasının qələbəsidir.

Daha sonra çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Ulu
öndərin bütövlükdə müasir Azərbaycanın qurulmasında, onun
müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik
ənənələrinin möhkəmləndirilməsində və inkişafında əvəzsiz rolundan
danışıb. Azərbaycan xalqının milli maraqlarına əsaslanan xarici
siyasət kursunun hazırlanması və aparılmasının ulu öndər Heydər
Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Məhz ümummilli liderin
hakimiyyətə qayıdışından sonra ölkəmizin həm ikitərəfli, həm də
çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu və
inkişaf etdirildiyini bildirən nazir Ceyhun Bayramov, Azərbaycanın
bugünkü xarici siyasət uğurlarının əsasında Ulu Öndər Heydər
Əliyevin xarici siyasət konsepsiyasının durduğunu ifadə edib.
Torpaqlarımızın işğaldan azad olunmasının Ulu Öndər Heydər Əliyevin
ən böyük arzularından biri olduğunu qeyd edən nazir, bu missiyanın
Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən
yerinə yetirildiyini, bugün üçrəngli bayrağımızın işağldan azad
olunmuş torpaqlarımızda dalğalandığını vurğulayıb. Azərbaycanın 44
günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider
Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan
başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın
inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başladığını
qeyd edib.

Çıxışlardan sonra qonaqlara Ulu Öndərin həyatının müxtəlif
dövrlərini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Daha sonra tədbir Naxçıvan Dövlət Flarmoniyasının təqdimatında
Ümummilli lider Heydər Əliyevin sevdiyi və ulu öndərə həsr olunmuş
musiqi kompozisiyalardan ibarət xatirə konserti ilə davam edib.

Teqlər: