Milli Məclis Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.
AzerTimes xəbər verir ki, layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib.
Dəyişikliklə məcəlləyə yeni 206-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma) əlavə edilib.
Bu maddəyə əsasən, Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və ya digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.
Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəllənin 206-1.1 və 206-1.2-ci maddələridə nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.