Xaricdəki “mücahidlər” niyə Pezeşkiana qarşıdır?

Xaricdəki “mücahidlər” niyə Pezeşkiana qarşıdır?

İranda növbədənkənar prezident seçkilərinin keçirilmsi prosesində Güney azərbaycanlıların və İranda yaşayan türklərin, milli kəsimin bir qisminin Məsud Pezeşkianın timsalında seçkilərə qoşulması, Tehran rejiminin legitimliyində rol oynamaları daha çox ümumiran müxalifətinin xətalarının nəticəsidir.

Müxalifətin xətalarından, milli hüquqlar zəminində ayrı-seçkiliyə dayanan siyasətlərindən Əli Xamenei məharətlə istifadə etməyi bacarıb.

Ona görə ki, İran müxalifəti hazırkı hakimiyyətin xalqların ana dili ilə bağlı tərtib etdiyi konstitusiyasında dərc olunan və bu günə kimi icra edilməyən 15-ci maddədə göstərildiyi qədər belə qeyri-fars xalqlara hüquq tanımağı rəva bilməyib.

Hazırda özlərini İranda hakimiyyətə alternativ hesab edən şahçılar və Xalq Mücahidləri Təşkilatı qeyri-fars xalqların milli hüquqları ilə bağlı tələblərinə mövcud rejimin vəd verib, yerinə yetirmədiyi səviyyədə də əhəmiyyət vermirlər.

Xüsusən şahçılıq üsul-idarəsinin tərəfdarı olan mərkəzçi və farsçılar ölkədə qeyri-farsların mövcudluğunu inkar edən iddialar səsləndirir, İranı sırf fars ölkəsi kimi təqdim edirlər.

Bu kəsimin nümayəndələri Məsud Pezeşkianın seçkilərə buraxılmasını onun türk olduğu və bunu elan etdiyi üçün ölkənin milli təhlükəsizliyinə zərbə kimi qələmə verirlər.

Hakimiyyətə barışmaz mövqeyi ilə tanınan İran Xalq Mücahidləri Təşkilatı isə şahçılara nisbətən daha ədalətli mövqe tutsa da, milli zəmindəki vədləri kifayət deyil. Həmin qurumun rəhbəri Məryəm Rəcəvinin “İranın gələcəyi ilə bağlı 10 maddəlik plan”ı kürdlərə müxtariyyət veriləcəyini vəd edir, azərbaycanlılara və başqa xalqlarla bağlı isə “İran etnikləri və millətlərinin ikiqat zülmünün aradan qaldırılması” kimi naməlum ifadə işlətməklə kifayətlənir.

Bütün bunlara görə hazırkı vəziyyətdə hətta hakimiyyətə müxalif olan qeyri-farslar və fars xalqının mütərəqqi kəsiminin bir hissəsi seçkilərə qatılaraq rejimin təsdiq etdiyi Pezeşkiana səs verməyi məqbul sayır.

Əli Xamenei isə yaranmş vəziyyətdən Qərb və bölgə ölkələrinə təhdid mesajı verib, 46 illik repressiya keçmişi olan sistemə legitimlik qazandırmaq, ömrünü uzatmaq üçün maksimum istifadə edir.

Uzun illər boyu ayrı-seçkiliyə məruz qalan azərbaycanlıların bir qismi həmin vəziyyətdən yararlanaraq, milli hüquqlarının daha yüksək tribunadan səsləndirilməsinə və müzakirəyə çıxarılmasına ümid etdikləri üçün prosesə qatlılıblar. Əlbəttə ki, kimin seçilməsindən asılı olmayaraq, prosesdən ən çox qazanan hakim sistem olacaq. Dəyişikliyə meyilli olmayan, köhnəlmiş və adiləşmiş şüarlarla ambissiyalarını davam etdirən ümumiran müxalifəti isə prosesə qoşulanları günahlandırmaqla məşğul olacaq.

Uzun sözün qısası, hazırkı vəziyyət İranın müasir tarixində yeni bir mərhələnin başlanmasına işarədir. Bundan nəticə çıxarıb dəyişiklik etməyən müxalifət, Güney Azərbaycan milli hərəkatı daha uzun müddət gözləməli olacaq.

Bu günə qədər Əli Xameneinin başçılıq etdiyi sistemin lazım olan vaxtda insanları müxtəlif manevrlərlə oyunlara cəlb etdiyi təcrübəsi var və bu gün baş verənlər isə buna daha bir nümunədir.

İranda hakim sistemin keçirdiyi istənilən seçki boykot edilməli, heç bir bəhanə ilə onun legitimlik qazanması üçün qurduğu siyasi oyunlarda iştirak edilməməli, ən mühümü isə alternativlər qabıq dəyişərək, xalqların istəkləri ilə ayaqlaşmağa çalışmamalıdırlar.

Heç bir dövlət İranda yaşayan xalqların taleyinin dəyişməsi və onların həsrətində olduğu azadlıqlarına qovuşması üçün mənafeini təhlükəyə atmayacağına görə, ən məqbul yol bütün xalqların, siyasi cərəyanların bir-birlərinin hüquqlarına hörmət edərək mövcud sistemə qarşı birləşmələridir.

Teqlər: