Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov
Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmiş müxtəlif
ölkələrdə yaşayan bir qrup azərbaycanlı elm xadimi ilə görüşüb.
DİDK-dən AzerTimes-a bildirilib ki, Türkiyə, ABŞ, Yaponiya, Fransa,
Almaniya, Estoniya, İsveç, Çin, Rusiya, Meksika, Misir, Myanma,
Oman Sultanlığı və Qazaxıstandakı nüfuzlu elm və təhsil ocaqlarında
fəaliyyət göstərən görüş iştirakçılarını salamlayan Komitə sədri
cəmiyyətimizin fəxri olan azərbaycanlı alimlərin qurultayda iştirak
etməsini yüksək qiymətləndirib.
Görüşdə xaricdəki azərbaycanlı alimlərin forumunun keçirilməsi
məsələsi müzakirə olunub və bununla bağlı təşkilat komitəsinin
yaradılması, xaricdə yaşayan alimlər arasında virtual əlaqə
imkanlarının formalaşdırılması ətrafında geniş fikir mübadiləsi
aparılıb.
Görüş iştirakçıları forumun keçirilməsi təşəbbüsünü alqışlayıb,
diaspor quruculuğunda azərbaycanlı alimlərin yaxından iştirakının,
elm xadimlərinin gücünün birləşdirilməsinin, bilik və
təcrübələrinin bölüşdürülməsinin dövlətimizin milli maraqlarına
böyük töhfə verəcəyini diqqətə çatdırıblar.
Müzakirələr əsnasında elmidiaspor.az və dünya
azərbaycanlılarının bioqrafiya bankı olan azerbaycan.li saytının
fəaliyyəti, DİDK-nın bu istiqamətdə həyata keçirdiyi digər
layihələrə də diqqət çəkilib.