Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali
təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər
üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam
imzalayıb.
Trend xəbər verir ki, sərəncamda deyilir:
1. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün
Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət
Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini
əlaqələndirsin;
2.2. Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının
monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası
Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.