Xəbər - Çingiz Səfərli – Trend:
Ali məktəblərə qəbul nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib.
Bunu AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, valideynlər bu məsələdə son dərəcə diqqətli olmalıdır:
“İlk növbədə qeyd etmək istəyirəm ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 21 mini qardaş Türkiyədə, 8 mini Ukraynada, 6 mindən çoxu Rusiya, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar:
Birincisi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları balla burada ali məktəblərə qəbul ola bilməyənlərdir. Bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri-qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara üstünlük verir.
İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan və digər Avropa ölkələrinin univerisitetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, komputer və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur.
Üçüncü kateqoriyanı isə Azərbaycan Respublikası Prezidentinin 2007-2015-ci illəri əhatə edən Xaricdə təhsil Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir. Bu proqram çərçivəsində daha çox Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülür. Xaricdə Təhsil proqramı ilə gənclərin seçdiyi prioritet ixtisaslar: Beynəlxalq münasibətlər, Tibb, Baytarlıq, Kənd təsərrüfatı, Mühəndislik, Yüksək texnologiyalar, Qədim dillər ixtisasları əhatə edir”.
Ekspert vurğulayıb ki, hazırda ən ciddi problem xarici ölkələrdə təhsil alanların diplomlarının tanınması ilə bağlıdır:
“Bu, bəzi hallarda xarici təhsil xidməti göstərən şirkətlərin şəxsi kommersiya maraqları ucbatından baş verir. Belə ki, lisenziya müddəti bitmiş və akreditasiyası olmayan universitetlərə qəbul həyata keçirilir.
Ona görə də valideynlər yalnız xaricdə təhsillə bağlı mütəxəsislərə müraciət etməlidirlər. Bilməlidirlər ki, övladlarını Türkiyəyə qiyabi təhsil almağa göndərirlərsə, onun diplomu birmənalı olaraq tanınmayacaq, çünki Türkiyədə qiyabi təhsil yoxdur. Bundan başqa tələbələr oxumağa getdikləri ölkədə qiyabi təhsil alacaqlarsa, azı 15 gün, əyani təhsil alacaqlarsa, 90 gün semestr ərzində o ölkənin ərazisində olmalıdırlar.
Bundan başqa hər bir xarici ölkəyə oxumağa gedən şəxs enic-naric sistemində o universitetin olub olmamasını yoxlamalıdır. Bunlarla yanaşı xarici ölkələrdə oxumağa gedənlər o ölkənin dilini və tədris dilini bilmirlər ki, bu da sonradan onların diplomlarının tanınması zamanı maneəyə səbəb olur. Məhz DİM-in keçridiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər”.
Kamran Əsədov həmçinin əlavə edib ki, bu gün xaricdə təhsillə bağlı həddən çox şirkət fəaliyyət göstərir və onların heç birinin lisenziyası yoxdur:
“Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb.
Vacib bir qeydi deyim ki, ölkədə xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbətdə ki, bu, hüquq pozuntsu deyil. Sadəcə olaraq valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də, istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər”.