Xaricdə təhsil alan gənclər Gülüstan sarayında toplandı

Xaricdə təhsil alan gənclər Gülüstan sarayında toplandı

Bakıda xaricdə təhsil alan gəncləri birləşdirən “ASAP Forum 2022” öz işinə başlayıb.

AzerTimes xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022″nin Bakıda Gülüstan sarayında açılış mərasimi keçirilib.

Forum çərçivəsində 23 ölkənin 90-dan çox universitetində təhsil alan və məzun olmuş 300-dən çox gənc bir araya gəlib.

Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib.

O bildirib ki, Formdan növbəti 3-4 günü ərzində xaricdə təhsil alan 300-dən çox tələbələr və məzunlar yararlanacaq:

“Onlar bir çox dövlət qurumları və ictimai xadimlərlə müzakirələr edəcəklər. Əminəm ki, bu müzakirələr həm dövlətimiz, həm də ASAP-ın özünün inkişafı üçün, eyni zamanda fərqli sahələrdə maraqlı təşəbbüs və layihələrin ərsəyə gəlməsində əsas olacaqdır. Həmçinin form çərçivəsində fərqli təhsil pillələri və ixtisas sahələri üzrə tamamilə müxtəlif regionlarda təhsil alan tələbələrin bir araya toplaşması, həm də gənclərin sosiallaşması, fərdi inkişafı və ən vacibi Azərbaycanın maraqlarını ölkə hüdudlarından kənarda daha da yüksək səviyyədə təşviq olunmasına təkan verəcəkdir”.

Fərid Cəfərovun sözlərinə görə, dövlət başçı tərəfindən müəyyən olunmuş gənclər siyasətinin əsas qayəsi hər bir gəncin təhsilli, savadlı, vətənpərvər və sağlam yetişməsidir:

“İstinasız deyə bilərik ki, bir çox normativ hüquqi sənədlərdə bununla bağlı müddəalar öz əksini tapıb. Təbii ki, burada təhsil elementi hər bir ölkənin intellektual potensialının inkişafı baxımından xüsusi önəm daşıyır.

Beynəlxalq təcrübənin öyrənilməsi və gələcəkdə tətbiq olunması yüksək ixtisaslı mütəxxislər üçün ən əsas amillərdən biridir. Bu məqsədlə də dövlət tərəfindən gənclərin xaricdə həm təhsili, həm də təcrübəsi ilə bağlı bir çox proqramlar həyata keçirilir.

Təmsil etdiyim Gənclər Fondu beynəlxalq siferada bir sıra proqramlarla gənclərin beynəlxalq təcrübəsinin və təhsilinin artırılmasına dəstək verməyə davam edir. Bu gün zalda bu proqramlardan yararlanan gəncləri görmək iki qat sevindiricidir.

Gənclər Fondu olaraq növbəti illərdə də xüsusilə beynəlxalq təşkilatlarda təcrübə proqramlarının və xaricdə gənclərimizin ixtisaslı kurslarda təlim proqramlarını davam etdirmək niyyətindəyik”.

Qeyd edək ki, 28-31 iyul tarixlərini əhatə edəcək forumun keçirilməsində əsas məqsəd gənclərin xaricdə yaşadıqları müddətdə həyata keçirməyi planlaşdırdıqları layihələrin icrasına şərait yaratmaq, azərbaycanlı gənclər tərəfindən idarə olunan nümayəndəliklərin qurulması üçün innovativ həllər təklif etmək, təmsilçilik və ASAP-ın nümayəndəliklərinin inkişafına dəstək göstərməkdir. Forum çərçivəsində dövlət xadimlərinin, ekspertlərin, xarici təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri, karyera sərgisi, şəbəkələşmə tədbirləri, müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər tərəfindən TEDx formatında çıxışlar və beynəlxalq müstəvidə təmsilçiliklə bağlı təlimlər keçiriləcək.

Xaricdə təhsil alan tələbə və məzunların forumu keçirilir

İyulun 28-dən 31-dək Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022” adlı tədbirə start verildi.

Tədbirdə bildiriblər ki, sözügedən forumun keçirilməsində əsas məqsəd xaricdə təhsil alan və ya məzun olmuş azərbaycanlı gəncləri bir araya toplamaq, onların şəbəkələşməsini təmin etmək, şəxsi və təmsilçilik bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

Dörd gün ərzində təşkil olunacaq forum çərçivəsində dövlət xadimlərinin, ekspertlərin, xarici təhsil müəssisələrinin 300-dən çox tələbə və məzunlarının iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri, karyera sərgisi, şəbəkələşmə tədbirləri, müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər tərəfindən TEDx formatında çıxışlar və beynəlxalq müstəvidə təmsilçiliklə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulub.

Teqlər: