Xəbər - Humay Ağacanova – Trend:
Fevral ayı üzrə xaricdə təhsil alanların diplomlarının tanınması
ilə bağlı 268 müraciətçinin 206-sı barədə müsbət qərar verilərək
müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə
mənfi qərarla yekunlaşıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən AzerTimes-a verilən
məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş
olmaması səbəbi ilə 28, tədris yükünü mənimsəmək üçün təhsil aldığı
ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, təhsil
ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris
dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 8
nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya
Federasiyasından 87, Ukraynadan 70, Türkiyə Respublikasından 57,
Gürcüstandan 16, Amerika Birləşmiş Ştatları 5, digər ölkələrdən isə
33 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə
37, iqtisadiyyat üzrə 27, tibb üzrə 20, menecment üzrə 14,
beynəlxalq münasibətlər üzrə 10 nəfər müraciətçi qeydə alınıb.
Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 18 gün təşkil
edib.