Xaricdə təhsil alan 31 həkim dövlət xəstəxanalarında işə qəbul olunub

Tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmaq və
vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq
məqsədilə xaricdə təhsil almış 31 həkim-mütəxəssis Bakı və Sumqayıt
şəhərlərində yerləşən tibb müəssisələrində işə qəbul olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən
məlumata görə, işə qəbul prosesi İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi (Agentlik) tərəfindən icra olunan “Tibb müəssisələrində
ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair
2022-2023-cü illər üçün Proqram” çərçivəsində təşkil olunub.

İşə cəlb olunanlar Türkiyə Respublikasında təhsil almış və
əsasən pediatrik, terapevtik, cərrahi və radioloji profillər üzrə
ixtisaslaşmış həkimlərdir. Sözügedən mütəxəssislər TƏBİB-in
tabeliyindəki tibb müəssisələrində işlə təmin olunublar.
Həkim-mütəxəssislər eyni zamanda xarici təcrübənin, müasir
müayinə-müalicə metodlarının yerli kadrlara öyrədilməsini,
həkimlərin nəzəri bilik və praktik vərdişlərinin
yaxşılaşdırılmasını həyata keçirəcəklər.

Qeyd edək ki, mövcud vakansiyalar üzrə ümumilikdə 103 nəfər
müraciət edib. Namizədlər arasında cərrahiyyə, terapiya,
pediatriya, mamalıq-ginekologiya, anesteziologiya və
reanimotologiya ixtisasları üzrə təhsil almış mütəxəssislər çoxluq
təşkil edib. Mütəxəssislərə eyni vaxtda 3 tibb müəssisəsinə
müraciət etmək imkanı verilib.

Ölkə xaricində oxuyan həkimlərin işə qəbul prosesi 2 mərhələdə
həyata keçirilib. Birinci mərhələdə elanda göstərilən sənədləri tam
təqdim edən şəxslər seçdikləri bir və ya bir neçə tibb
müəssisəsinin müvafiq komissiyasının qəbulunda iştirak edib.

Bu mərhələdən müvəffəqiyyətlə keçən namizədlər Agentliyin
Komissiyasının qəbuluna göndərilib. Namizədlərin qiymətləndirilməsi
6 meyara əsasən aparılıb. Bunlara iş təcrübəsi, yüksək reytinqli
ali təhsil müəssisəsində təhsil, müasir cihaz və prosedurlarla
işləmə bacarığı, ixtisasartırma təhsili, elmi dərəcə və elmi ad,
habelə beynəlxalq konfranslarda iştirak daxildir.

Teqlər: