“Xarıbülbül” festivalı Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir – Tamam Cəfərova

Mədəniyyət paytaxtımız olan Şuşa şəhərində 12-13 may tarixlərində təşkil olunmuş “Xarıbülbül” musiqi festivalı Azərbaycan xalqının tarixi yaddaşını bərpa etməklə bərabər, öz möhtəşəmliyi ilə yadda qaldı. Şübhəsiz ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. Azərbaycan xalqının milli sərvəti olan Şuşa şəhərində 30 ildən sonra bərpa edilən “Xaribülbül” festivalı sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına, həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi.

Bu fikirləri AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputatın fikrinə görə, Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşdülər. Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Bu baxımdan, “Xarıbülbül” musiqi festivalı ölkəmizdə mövcud olan çoxkonfessionallığın və multikultural həyat tərzinin mədəniyyət sahəsində təcəssümü idi. Eyni zamanda, “Xaribülbül” festivalı Azərbaycanda multikulturalizm ənənələrinin nümayişinə çevrildi və Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını bir daha əyani sübut etdi


Tamam Cəfərova qeyd edib ki, “Xaribülbül” festivalının bərpa olunması ilə Azərbaycan mədəniyyəti və onun görkəmli nümayəndələri yenidən Şuşaya qayıdıblar. “Bu qayıdış özlüyündə böyük bir reallıqdır və hər kəs bu reallıqla hesablaşmalıdır. Bu o deməkdir ki, Azərbaycan xalqı əbədi olaraq burada yaşayacaq”.

Bu qayıdışın digər bir simvolik başlanğıcı da Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır. İndi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək “Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik.”Azərbaycan xalqı milli-mənəvi, dini və multikultural dəyərlərini qoruyub-mühafizə edərək, tarixin ən ağır sınaqlarından üzüağ çıxıb. Əminliklə deyə bilərik ki, xalqımız tarixi köklərinə bağlılığını qoruyaraq, birlik və həmrəyliyimizi daha da möhkəmləndirəcək.

Teqlər: