Xəbər - Elçin Mehdiyev – Trend:
Doğma və gözəl Şuşamızda uzun illərdən sonra yenidən “Xarıbülbül” festivalının keçirilməsi xalqmızı çox qürurlandırdı, fərəhləndirdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu festival xalqımızın daim arzuladığı, həsrətlə gözlədiyi möhtəşəm bir tədbir, Vətən müharibəsində Zəfərimizin təntənəsinin mədəniyyət sahəsində davamı idi: “Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü, uzaqgörən və qətiyyətli siyasət nəticəsində doğma Şuşamız yenidən öz sahiblərinə qovuşdu. Şanlı ordumuz böyük şücaət və qəhrəmanlıq göstərərək Şuşamızı düşmən tapdağından azad etdi.
Bu baxımdan, 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Artıq Şuşanın da nisgili sona çatıb, 30 il düşmən tapdağı altında inləyən doğma şəhərimiz öz sahiblərinə qovuşub. Düşmən işğal altında saxladığı müddətdə nə qədər çalışsa da, nə qədər abidələrimizi dağıdaraq doğma Şuşamızın tarixini silmək istəsə də bunu bacarmadı, çünki Şuşa tarix boyu Azərbaycan xalqının mədəniyyət beşiyi olub. Bunu tarixdən silmək, gözəl Şuşamızı saxtalaşdırmaq əsla mümkün deyil. Tarixi ədalət öz yerini tapdı, artıq Şuşanın əsl sahibləri geri dönüb. Azərbaycan uzun illər düşmən tərəfindən dağıdılan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, Şuşanın əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür”.
Deputat, həmçinin “Xarıbülbül” festivalında Azərbaycanda yaşayan müxtəlif xalqların çıxışlarına toxunaraq bildirib ki, bu, bir daha ölkəmizin mültikultural dəyərlərinin təcəssümüdür: “Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqlar bir yumruq kimi birləşərək Vətənin müdafiəsinə qalxdı. Bu qələbəmizdə hər bir xalqın öz payı var. Bu, eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi. Məhz Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xarinbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi”.
A.Həsənova qeyd edib ki, artıq bundan sonra hər il Şuşadan “Xarıbülbül”ün sədaları gələcək, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.