Xəbər - Elçin Mehdiyev – Trend:
30 illik fasilədən sonra Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının bir çox aspektlər üzrə böyük əhəmiyyəti var. Əvvəlcə bu mədəniyyət tədbirinin siyasi əhəmiyyətini qeyd etmək istəyirəm. 44 günlük Vətən müharibəsindən az sonra Şuşada belə bir festivalın təşkili və Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə dünyaya bir sıra mesajlar vermiş olduq.
Bunu AzerTimes-a “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev deyib.
O qeyd edib ki, “Xarıbülbül” musiqi festivalı ilə dünya Şuşanın əsl sakinlərinin geri döndüyünü gördü: “Qeyd etməliyəm ki, “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Bu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Dünya başa düşməlidir ki, Şuşanın əsl sakinləri bizik. Biz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında uğurlu hərbi əməliyyatlar keçirərək torpaqlarımızı erməni işğalçılarından təmizlədik. Bunun üçün biz qəhrəman hərbçilərimizə, Azərbaycan xalqına borcluyuq. İndi isə Qarabağda vaxtı ilə mövcud olmuş ənənələrimizi bərpa edirik.
“Xarıbülbül” musiqi festivalı ilə biz bu ənənlərə start verdik. Sentyabr ayında dahi Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədar bir sıra tədbirlər nəzərdə tutulub. Gələn il Şuşa şəhərinin 270 illiyini geniş şəkildə qeyd edəcəyik. İndi Şuşada çox böyük quruculuq işləri aparılır. Bütün bunlar dünyanın anlayan kəsimi üçün mühüm mesajdır”.
T.Gəncəliyevin sözlərinə görə, Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi var: “Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xarıbülbül” festivalı həm də Azərbaycanın multikulturalizm ənənələrinin simvoluna çevrildi. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik ən yüksək səviyyədədir.
Festivalın digər əhəmiyyəti isə dini dəyərlərimizə verdiyimiz əhəmiyyətlə bağlıdır. Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb edir. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var”.
Twitter: @ElchinMehdiyev