Şuşa. Trend:
“Xarıbülbül” Beynəlxalq Folklor Festivalı kimi gözəl bayram
mədəniyyətimizdə mühüm səhifə və böyük töhfədir, biz bu tarixi
qorumalıyıq.
Trend-in
məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti
Polad Bülbüloğlu V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının
ikinci günü çərçivəsində konsert proqramından sonra deyib.
“Xoşbəxtəm ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev müharibə bitən kimi Şuşanı Azərbaycanın
mədəniyyət paytaxtı elan etdi və burada “Xarıbülbül” beynəlxalq
festivalının keçiriləcəyini bildirdi”, – P.Bülbüloğlu deyib.
O xatırladıb ki, ötən dördüncü “Xarıbülbül” festivalı böyük
uğurla keçirilib.
“Xoşbəxtəm ki, bu gün Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor
Festivalı keçirilir. İnanıram ki, bundan sonra festival hər il
keçiriləcək. İldən-ilə qonaqların sayı artacaq, çoğrafiyası isə
genişlənəcək”, – deyə o bildirib.
Qeyd edək ki, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı
olub. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət
Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca
beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında
çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın
müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.
(Tərcümə: Orxan Nəbiyev)