İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı, mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir.
Bu sözləri AzerTimes-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva deyib.
P.Əliyeva bildirib ki, işğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir:
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir. İşğaldan azad olunmuş digər ərazilərlə bağlı təhlillər aparılır”.
Qeyd edək ki, Yerüstü Nəqliyyat Agentliyi (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletləri 23 fevral saat 11:00-da satışa çıxaracaq.