Xankəndiyə göndərilən TIR-ların arxasında dayanan ölkə…

Xankəndiyə göndərilən TIR-ların arxasında dayanan ölkə…

Ermənistan Qarabağa “humanitar yardım” adı altında TIR-lar yola salarkən, bu maşınların Xankəndiyə çatmayacağını bilirdi. İrəvan çox gözəl dərk edirdi ki, bu cür siyasi gedişlərlə Bakını mövqeyindən daşındırmaq, separatçılığı təşviq etmək və Azərbaycanı güzəştə məcbur etmək müşkül məsələdir.

İrəvan bu addımla Qarabağda yerləşdirilmiş rus sülhməramlılara da “mesaj” verdi. Ermənilər Kremlin üzərinə cavabdehlik yükü qoyaraq, Moskvanın Bakıya təzyiq etməsinə nail olmaq istəyirdi – baxmayaraq ki, Rusiyanın indiki vəziyyətdə Azərbaycanla münasibətlərini korlamaq istəməyəcəyini də bilirdi.

İrəvanın hədəfi bəllidir: Qarabağda reinteqrasiyanın qarşısını almaq, keçmiş münaqişəni “yaşatmaq” və onu beynəlxalq aləmə fərqli müstəvidə təqdim etmək.

İrəvan əslində bəlli güclərin maraqlarını ifadə edir, Qafqazı region dövlətləri ilə qeyri-region dövlətləri arasında mübarizə meydanına çevirir.

Artıq bir neçə ermənipərəst avropalı deputat, o cümlədən Fransanın Avropa və Xarici İşlər Nazirliyi son hadisələrlə əlaqədar növbəti dəfə bəyanat yayaraq, Azərbaycanı “üzərinə götürdüyü öhdəliklərə” əməl etməyə çağırıb. Avropanın siyasi lideri Fransanın “humanitar fəlakət” adlı manipulyasiyaya dərhal reaksiyası, onun ardınca bir çox ölkənin Bakıya çağırışı bu prosesin arxasındakı qüvvəni üzə çıxarır. Fransa addım-addım bölgəyə yaxınlaşmağa çalışır.

Görünən odur ki, Ermənistanın niyyəti bölgədə Qərb-Rusiya qarşıdurmasına pəncərə açmaqdır. Çünki İrəvanın Moskva ilə əməkdaşlıqdan imtina edib, Qafqazda Brüsselə birgə addımlamağı Kremlin sərt qərarlar verməsini istisna etmir. Rusiya heç bir zaman razı olmayacaq ki, Qərb Ermənistanda iqtisadi, siyasi, mədəni, humanitar, hətta hərbi əlaqələrini genişləndirərək Moskvanı regionda əvəzləmiş olsun. Belə bir ssenarinin reallaşması birmənalı olaraq Rusiya üçün məğlubiyyət sayılacaq.

Buna baxmayaraq, Ermənistan Cənubi Qafqazda “münaqişə ocağını” dərinləşdirməyə çalışır. Ancaq burada yenə ən çox itirən tərəfin məhz Ermənistan olacaq.

Teqlər: