Xankəndiyə giririk: Bu dəfə “Noldu” sualı Nikola deyil…

Xankəndiyə giririk: Bu dəfə “Noldu” sualı Nikola deyil…

Xankəndi sürətlə separatizmdən, terrorçulardan təmizlənir: Xanın kəndində və ətrafında onillərlə yığılan silahlar, ağır hərbi texnika təhvil alınır; Xanın kəndində terrorçu-separatçı xuntaya özünü buraxmaq və Azərbaycan bayrağını qaldırmaq üçün vaxt verilib.

Separatçı-terrorçular – illərlə Azərbaycana meydan oxuyanlar, mülki azərbaycanlıları qətlə yetirənlər, bizi yurdumuzdan didərgin salanlar… indi qaçmaq üçün yollar axtarırlar: “Laçın” postu qurulub, Ermənistanla sərhədi DSX qoruyur, hava nəqliyyatı üçün belə Azərbaycanın razılığı gərəkdir – necə qaçacaqlarını belə bilmirlər.

Tam 3 il bundan öncə, 26 sentyabr 2020-ci ildə kimsənin ağlına gəlməzdi ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ ətrafında olan 7 rayonu alacaq.

Tam 3 il bundan öncə, 27 sentyabr saat 06:00-da Ordumuz 200 ilin öcünə başladı və aldı – həm qisası, həm də 7 rayonu!

İlham Əliyev bütün dünya güclərinə sinə gərib, keçmiş Dağlıq Qarabağın keçmiş sərhədləri daxilinə girmək əmri verdi – Hadrud, Suqovuşan, Xocavənd və əlbəttə ki, Şuşanı hərb yolu ilə azad etdi!

Düşmən çökdü…

Bu, həmən Şuşa idi – bir neçə il öncəyə qədər “Şuşadan əlinizi üzün, Şuşa heç vaxt qayıtmayacaq. Şuşaya getmək istəyirsinizsə, ermənilərdən izn alın, turist kimi ziyarət edin” deyən şəxs və ya şəxslər Şuşa azad ediləndən sonra könlümüzün paytaxtına ilk aparılanların önündə oldular.

Sanki “Noldu…” sözü bu dəfə Paşinyana yox, onlara deyilirdi: alın, baxın, gəzin – turist kimi, ermənilərdən izn alaraq gəlmirsiniz, sizi bura Azərbaycan dövləti gətirir!

Şuşanın qapısı məscid kimi, ziyarətgah kimi üzümüzə açıldı və açılan bu ziyarətgaha ilk gedənlər sırasında abırlarına qısılmayan(lar) da vardı – Şuşanın qapısı açıq olanda, nə olar ki…

Dərhal Xocalı xatırlandı: Rus sülhməramlıların qərargah qurduğu Xocalı; Rusiyanın 366-cı alayının birbaşa dəstəyi ilə işğal edilən və soyqırım həyata keçirilən Xocalı!

Sanki qərargahın ora salınması da qəsd idi!

İndi də “Xankəndi, Xocalı…”dan “əlimizi üzmək” iddiaları səsləndi!..

Budur, Ordumuz Xocalıdadır!

Budur, Ordumuz Xankəndinin qəsəbələrində – Kərkicahanda, Malbəylidədir!

Budur – Qarabağ qarış-qarış işğaldan təmizləndi; 1923-ci ilin lənəti – Azərbaycanın içində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı qarayara kəsilib atıldı!

İlham Əliyev demişdi axı: Heç bir status olmayacaq, cəhənnəmə, gora getdi status!

1991-ci ilin 26 noyabrında DQMV de-yure ləğv edilsə də, de-fakto burda bir xunta qurulmuşdu, hətta “müstəqilliyə” iddia edirdi;

İlham Əliyev de-fakto ləğvetməni tam-tamına bacardı, Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz təmin etdi, dövlətimizin unitarlığını rəsmiləşdirdi!

İndi də Xocalının qapısı bir məscid kimi, ziyarətgak kimi açılacaq;

İndi də Xankəndi azərbaycanlıları qəbul etməyə başlayacaq!

İnanılmaz xoşbəxtlikdir!

…Yenə “məscidin qapısı açılan kimi” – Xankəndinin Azərbaycan şəhəri olacağını qəti şəkildə qəbul etməyən, bunu təbliğ edən və millətin ruhuna virus kimi dalaşanların ora ilk dəvət ediləcəyinə şübhə etmirəm;

Yenə Xocalıda soyqırımı azərbaycanlıların törətdiyini iddia edib, ermənilərin və erməni diasporunun əlinə oynayanların bu ocaqların açıq qapısından ilk keçəcəyinə sevinəcəyik!

Gedin, görün, baxın – illərlə milli hədəfimizə qarşı çıxdığınıza görə xəcalət çəkib, utanacağınızı gözləmirəm, əksinə, orda da ənənəvi olaraq meydan oxuyacağınızı və Xanın kəndində də səsinizi qaldıracağınızı – sanki nədənsə narazısınız – ləzzətlə izləyəcəyik!

Gedin və vaxtilə “cənab prezident” dediyiniz Arkadi Qukasyanı axtarın: o vaxta qədər qaçmasa, bunkerdə-zadda tapsanız, müsahibə alsanız, ona necə müraciət edəcəyinizə səbirsizlənirəm…

Əlbəttə ki, əsas olan sizlərin inanmadığınıza, arzulamadığınıza – Azərbaycanın Qüdrətinə ilk şahidlik etməyinizdir – gerisi boş şeydir!

Əlbəttə ki, əsas olan Əsgərimizin ayağının Tarixi Torpaqlarımızda olmasıdır!

Əsas odur ki, içinizdə nə daşımağınızdan asılı olmayaraq, o müqəddəs yurdumuza 100 ildən sonra dönüşümüzün möhtəşəmliyini müşahidə edəcəksiniz!

Bu, yüzlərlə, minlərlə adını bildiyimiz, bilmədiyimiz qəhrəmanlarımızın, bu torpaqlar uğrunda canını uf demədən verənlərin arzusudur!

Bu, 100 illik istəyimiz, 35 illik xəyalımızdır!

28,5 ildir Şuşanı dəhşətli dərəcədə arzulayanlar 35 ildir Xankəndini – bu gözəl, çiçək kimi təmiz, valehedici şəhəri yalnız xəyal edirdilər!

İlham Əliyev bu inanılmayacaq, reallaşmasını yalnız xəyal etdiyimiz arzumuzu göyərtdi!

İlham Əliyev heç bir status vermədən torpaqlarımızı bütövləşdirdi!

İlham Əliyev bu xəyalların gerçəkləşdirdiyi gün… – Dayanmadı, yorulmadan, usanmadan, milli hədəflərə doğru addımlarında bircə an fasilə vermədən – anında, məqamında Naxçıvanda Qardaşını qəbul etməklə, daha bir Yol üçün mübarizə apardığını ortaya qoydu!

Bu Yol Zəngəzurdan keçən Qızıl Almadır!

İlham Əliyev bu xalqın son yüz ildə ən böyük tarixini yazır!

İlham Əliyev son yüz ildə ilk dəfə Azərbaycanın daxilinə yox, ətrafına baxır!

İlham Əliyev İlahi lütfdən istifadə edir, tarixin möhtəşəm şansından təkcə yararlanmır, həm də bu tarixi şansları özü, öz əli, öz fəhmi, öz idrakı, öz qabiliyyəti ilə yaradır!

Yaradır, istifadə edir və anında, dərhal növbəti mərhələyə keçir!

Təsəvvür belə etmirəm ki, dünyada öz Prezidentinə bu qədər güvənməkdən böyük qürur ola bilər!

Təsəvvür belə etmirəm ki, dünyada millətini milli hədəflərinə götürən Prezidentin yazdığı tarixin iştirakçısı olmaqdan böyük xoşbəxtlik ola bilər!

Heydər Əliyevin tökdüyü sütunların üzərində dayanıb, ölkəni ayağa qaldıran İlham Əliyevin qeyri-adi siyasi, hərbi manevrlərini izləməkdən gözəl bu dünyada nəsə varmı bizim üçün?

Hamı İlham Əliyevdən bir addım geridədir – təkcə biz adi vətəndaşlar və politoloqlar yox, Makronu da, Şoltsu da…

Ona görə bəziləri bəzən şübhəyə qapılır. Ancaq qısa zamanda bəlli olur ki: Nə, nə vaxt və necə edilir!

…Sabah anım günüdür!

Sabah Böyük Zəfərlə başa çatan İkinci Qarabağ savaşının başladığı gündür!

Biz bu günə Xocalılı, Xankəndili daxil oluruq…

Bu millətə tarixi şans yaradıb, tarix yazan lider yetirən İlahinin lütfünə şükür!

Teqlər: