Xankəndinin qaz təchizatında hansısa gizli məqamların axtarılması cəfəngiyyatdır – ŞƏRH

Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan
Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin, onların
separatçı tör-töküntülərinin və Ermənistanın təbii qazla bağlı
yaranmış problemin ətrafında yaratdıqları “humanitar şou”
məqsədyönlü xarakter daşıyır və diqqəti Şərqi Avropada baş verən
müharibənin doğurduğu real humanitar fəlakətə münasibətdə
Ermənistanın sərgilədiyi pis nümunədən yayındırmağa, dünyada
separatizmə qarşı kəskin münasibətin formalaşdığı bir zaman
kəsiyində Qarabağdakı separatizm amilinin ümuni kontekstdən
çıxarılaraq təqdim edilməsi üçün bəhanə yaradılmasına xidmət
edir.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, kimsəyə sirr deyil ki, qaz xəttinin yerləşdiyi
ərazilərdə Rusiya sülhməramlıları yerləşib və bu ərazilərin
Ermənistana hər hansı bir aidiyyəti yoxdur.

“Bu baxımdan, Ermənistanın təbii qazın verilməsi ilə bağlı bütün
iddialarına və sərsəm mülahizələrinə son qoyulmalıdır. Digər
tərəfdən, Azərbaycan torpaqlarının işğal altında olduğu zaman
kəsiyində ermənilərin həyata keçirdiyi ekoloji terroru, çayların
çirkləndirilməsini, meşələrin məhv edilməsini kimsə unutmayıb.
Ermənilər Sərsəng su anbarına gələn suyu yayda bağlayıb, qışda
açmaqla Azərbaycanın digər yaşayış məntəqələri üçün böyük
problemlər yaradırdılar və bu fakt Avropa Şurası Parlament
Assambleyasının qətnaməsində də öz əksini tapıb”, – deyə
E.Mirzəbəyli deyib.

O qeyd edib ki, bu gün etnik ermənilərin təbii qazla təmin
olunması ilə bağlı yaranmış texniki problemlə bağlı hay-küy
qoparanlar 1 il 4 ay bundan öncəki vəziyyətə nəzər salsalar,
“məzlum” obrazında təqdim etdikləri ermənilərin amansız, qaniçən
simalarını daha aydın görə bilərlər.

“Burada bir məqama da diqqət çəkməyi vacib hesab edirəm:
Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində də,
istər Xankəndidə, istərsə də etnik ermənilərin yaşadığı digər
ərazilərdə mütəmadi olaraq təbii qazın və elektrik enerjisinin
verilməsi ilə bağlı problemlər yaşanıb. Bununla bağlı internet
resurslarında saysız-hesabsız məlumatlar və təsdiqləyici faktlar
var. Məgər həmin dövrdə də təbii qazın verilməsinə Azərbaycan mane
olurdu?

Təbii qaz xətlərində texnogen qəzaların baş verməsi sıradan bir
texniki problemdir. Eyni problemlər dünyanın hər yerində yaşanır.
Bu gün Azərbaycanın bir çox bölgələrinə qar yağması səbəbindən qaz
təchizatında problemlər yaşanır. Ölkənin 97-98 faizi qazlaşdırılsa
da, hələ də bir sıra rayonların ucqar kəndlərində qaz təchizatı ilə
bağlı problemlər var. Eyni problemlər Ermənistan ərazilərində də
tez-tez yaşanır. Bu baxımdan, dəniz səviyyəsindən 853 metr
yüksəklikdə yerləşən Xankəndinin qaz təchizatında hansısa gizli
məqamların axtarılması cəfəngiyyatdır və belə yanaşmalar,
bütövlükdə, bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsinə mane
olur, bölgənin təhlükəsiz gələcəyinə zəmanət verən etimadlı
münasibətlərin formalaşmasına imkan vermir”, – deyə E.Mirzəbəyli
əlavə edib.

Teqlər: