30 il əvvəl kimin təsəvvüründə vardı indi gözümüz önündə olan Xankəndi?..
30 il uzaq tarixdi bəlkə də, düzünü deyin, 3 il əvvəl təsəvvür edirdizmi? Edə bilirdizmi?..
Azadlıq, bütöv Vətən, Xankəndi küçələrində arın-arxayın dolaşmaq, stadionda futbol matçı izləmək… vardımı arzularınızda?..
Məncə, biz hər yeri, hər şeyi – Şuşanı, Kəlbəcəri, Ağdamı… təsəvvür eləmişdik, xəyalımızda saysız epizodlar inşa etmişdik, amma Xankəndini məhz o cür, məhz bu cür, məhz Xan Kəndi kimi, azərbaycanlıların öz şəhəri kimi şəkilləndirə bilməmişdik. Zehnimizin, şüurumuzun, qəlbimizin ürək eləyib o qədər irəliyə getməyinə izn verə bilməmişdik…
Həmd olsun Allaha! Həmd olsun bu fürsəti Yaradana!
Mən o Adama o stadionda tamaşa elədikcə Allaha şükür edirdim. Bilirsiz niyə? Bu Adam, ölkənin Birincisi olan Adam, Ordunun Birincisi olan Adam, Birinci Vətəndaş və Vətənimizin şərəfli tarixinin yaradıcısı özünü necə də sıradan biri kimi aparırdı;
– sanki bu düzəni, bu nizamı, bu gözəlliyi o yaratmayıb;
– sanki Xocalının qisasını o almayıb;
– sanki dünya hərb tarixinin şah əsəri olan Şuşa əməliyyatına o rəhbərlik etməyib;
– sanki xəyal belə edə bilməyəcəyimiz bu günü – Xankəndidə matç izləməyi reallığa çevirən o deyil;
– sanki o, başqalarından fərqlənməyən sadə bir tamaşaçıdır, hamıdan, hər kəsdən biridir;
– sanki Xankəndiyə matç izləməyə gəlmiş sıravi bir azərbaycanlıdır…
Təvazökarlığa, sadəliyə, əsalətə, böyüklüyə, nəhəngliyə bir daha heyrət etdim!
Prezident seçkisi öncəsi çox gözəl bir fürsət idi; namizədliyi irəli sürülmüş şəxs son dərəcə möhtəşəm, son dərəcə əsrarəngiz bir imkandan öz maraqları üçün, öz seçkisi üçün, özü üçün bəhrələnə bilərdi, halal haqqıydı.
Hamının – bütün Azərbaycanın gözü onun ağzındaydı; nə desəydi, iliklərimizə qədər qəbul edəcəkdik!
Amma o böyük törəndən, mərasimdən, Xalq Şadlığından, Qələbə Fərəhindən özü üçün qəti istifadə etmədi!
Çıxışına diqqətlə qulaq asdım, kiçicik bir işarə, xırdaca bir “MƏN” belə yoxdur.
İlham Əliyev sözün bütün mənalarında Özüdür. Ləyaqət nümayiş etdirir; klassik azərbaycanlı, türk kişisi obrazı ilə önümüzdədir.
Basdığını kəsmir – məğlubun adını belə çəkmədi!
Qürrələnmədi!
Amma qürurlandı – hamımız kimi!
Amma sevgi saçdı, hər kəs kimi bu böyük xoşbəxtliyin içində duyduğu məmnunluq, bütövlük hissini paylaşdı!
4 il əvvəl o stadionda qurulan “məzhəkə”ni layiq olduqları şəkildə başlarına çırpmadı. Hamının eşitmək istədiyi və gözlədiyi, qələbəmizin rəmzinə və tariximizə keçən “Nooldu, Paşinyan…” sözünü də demədi.
Amma tarixi unutmamağımız üçün ehyam vurdu: “Bəziləri “Qarabağ Ermənistandır…” deyirdi” xatırlatmasını da verdi. Ki, Xankəndi Gününün hansı siyasi-hərbi qələbələrin nəticəsi olduğunu yaddan çıxarmayaq.
Məhz şəhidlərimizi xatırlayıb, şəhid ailələrini də buna görə alqışlatdı!
Özünə ünvanlanan sevgi selini, fəxarəti şəhid ailələrinə yönəltdi!
Biz, sadəcə, onun timsalında o anlarda qələbənin ehtişamlı cazibəsinin sirayət etdiyi bir ruh görürük, qürur görürük, sevgi görürük, şövq görürük. O, ətrafa pozitiv enerji, sevgi və əzəmət yayır. İlham Əliyev o anlarda ən xoşbəxt azərbaycanlıdır. Vəssalam. Ən sadə azarkeşdir.
Topa ilk toxunur və idman meydançasından qaça-qaça çıxır, futbol meydançasını futbolçulara tez təslim edir!
Həmişə, bütün meydanlarda öndə olub: gətirin gözünüzün önünə – hansı tribunalarda, hansı fikir toqquşmalarında, hansı məxfi danışıqlarda nələr etdiyini çox gözəl bilirik – dünənin tarixidir hamısı.
Həmişə meydanda düşməni sarsıdıb, meydanı təmizləyib, qurub, yaradıb və xalqa buraxıb.
Bu, sanki “Xankəndiyə niyə tez köçmürük” səbirsizliyi göstərənlərə də bir ismarış idi: meydanı pisliklərdən təmizləyib, yeraltı-yerüstü minalardan arındırıb, torpağın doğmalığını özünə qaytarıb, ən yüksək səviyyədə yaşayış şərtləri yaradıb… – sonra qaça-qaça çəkilir!
Necə ki, Xankəndi stadionu tər-təmiz idi – heroqliflərdən, əski parçasından arınıb, Üçrəngli Bayrağa bürünmüş, yumşaq, rahat oturacaqlar qurulmuş, gözəl ot örtüyü döşənmişdi…
Bu cür bəzənmiş-süslənmiş meydanı hamıya buraxıb, doğmalarının, ciyərparalarının – şəhid balalarının yanına tələsdi Birincimiz!
Bizim o balalara bir ömürlük borcumuz var. İlham Əliyev o körpələrə sevgisiylə, qayğısıyla növbəti mesajını verirdi: Şəhid ailələri başımızın tacıdır, Qarabağ qaziləri gözümüzün nurudur. Yol onların, gələcək onların, Vətən onlarındır.
Xankəndidə o möhtəşəm tarixi hadisəyə şahidlik etməyi, o stadionda əyləşməyi hər kəs istərdi. Amma Prezident məhz Şəhid balalarını apardı. Yanında məhz onları oturtdu. Mehriban xanım məhz onları bağrına basdı. Önəmli olan budur! Öz torpağımızda, öz evimizdəyik, öz doğmalarımızın əhatəsindəyik. Bu qədər.
Bu hadisəyə hansısa regional, beynəlxalq siyasi ismarışlar yükləmək niyyətində deyiləm. Otuz ilin ağrısı, acısı, iztirabı çıxır canımızdan. Gözümüzün kədər yaşı sevinc yaşına çevrilir. İnsan başqa nə istəsin Allahdan?!.
Həmişə düşünmüşəm ki, bir gün mütləq Qarabağ işğaldan azad ediləcək. Amma… Xocalının ağrısını necə ovudacağıq? Bütün dünyanı bizə versələr, Xocalı işğalının, Xocalı qətliamının əvəzini ödəyərmi? İçimizdəki boşluqları doldurarmı? Bəlkə biz də qan tökməliyik, işgəncə verməliyik ki, ürəyimizin odu soyusun, yarası qaysaqlasın?
Heç vaxt cavab tapa bilməmişəm…
Amma məncə, ən ərdəmli cavab İlham Əliyevin Xankəndidəki məğrur duruşu idi; barbarlığa yüksək mədəniyyətlə cavab verdi İlham Əliyev. Sülhlə, barışın simgəsi olan idman oyunlarına ev sahibliyi etməklə! Xankəndini əsl sahiblərinə qaytarmaqla! Çünki Xankəndi uzun illər Azərbaycanın olmamışdı. Güclərinin yetdiyi qədər erməniləşdirməyə çalışmışdılar, erməniliyi, erməni xislətini daşa-divara hopdurmağa cəhd eləmişdilər. İlham Əliyev uzun illərdən sonra ilk dəfə Xankəndiyə Azərbaycanı gətirdi, azərbaycanlıları gətirdi və Xankəndini öz yerinə qoydu; könlümüzdəki və coğrafiyamızdakı yerinə. Azərbaycan Şəhərini yenidən dünyaya və özümüzə yeni görkəmdə, yeni adda – Qələbə paytaxtı olaraq təqdim etdi…
İlham Əliyev yepyeni Azərbaycan qurur! Bütöv Azərbaycandır bu. Artıq neçənci nəsil idi ki, Azərbaycanı bütöv görməmişdi. Şükür ki, görə bilirik.
İlham Əliyev lütfdür bu ölkəyə, bu insanlara. 30 il, 3 il yox, heç təxminən 6-7 ay öncə ağlımıza gələrdimi ki, Laçın postu birdəfəlik bağlana bilər, Xankəndidə bayrağımız dalğalana bilər və bütün bu tarixi olaylar məhz 2023-cü ildə reallaşa bilər.
Məhz 2023-cü ildə – Heydər Əliyev İlində İlham Əliyev təsəvvürümüzdə belə yarada bilmədiklərimizi gerçəyə çevirdi. Ata vəsiyyətini yerinə yetirməklə yetinmədi, Ata İlinə də öz töfhəsini verdi…
Xankəndidə həm də o vardı – oğulluq, övladlıq imtahanından alnı açıq, üzü ağ çıxmağın ruhaniyyəti, enerjisi, mistikası…
İlham Əliyev Heydər Əliyev İlini, Heydər Əliyevin yüzilliyini məhz Azərbaycanın Yüzilliyinə, Azərbaycanın yüzillik tarixinin ən parlaq səhifəsinə çevirdi!
Mistikadır, simvoldur, Tanrı işarəsidir – biz bilmərik! Bildiyimiz bu simvolların Azərbaycan tarixində əbədiləşməsidir!