Xankəndidə “parlamentə” silahlı basqın: Bakı hərəkətə keçdi

Xankəndidə “parlamentə” silahlı basqın: Bakı hərəkətə keçdi

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində proseslər sürətlə gərginləşməkdədir.

AzerTimes xəbər verir ki, separatçıların rəhbəri Araik Arutyunyanın “istefa vermək” üçün “Ermənistanın da razılığını alması”, üstəlik, keçmiş separatçıbaşılar da daxil olmaqla, Xankəndidəki 8 “nüfuzlu şəxsi” bununla bağlı məlumatlandırması gərginliyi daha da artırıb. Belə ki, bu “müzakirədən” sonra yayılan məlumatda guya “siyasi elitanın” Arutyunyanı istefa verməməsi gərəkdiyinə inandırdığı iddia edilirdi.

Ancaq bu informasiyanın ardınca görüşdə iştirak edən Ruben Vardanyanın bəyanatı olayların üzərindən sirr pərdəsini götürdü. Vardanyan görüşün keçirildiyini təsdiqlədi, həmçinin Arutyunyanın istefa vermək niyyətini elan etdiyini də bildirdi. Ancaq Rubenin sözlərindən belə məlum olur ki, Arutyunyana “qal” deyən olmayıb və yaxud böyük əksəriyyət onun “gedişini” dəstəkləyib.

Ruben Vardanyan bəyanatının sonunda Araiki növbəti dəfə yalan danışmaqda, “istefasını” elan edib, yerinə yetirməməkdə ittiham etdi.

Bunun ardınca isə Arutyunyanın “ofisi” aqressiv bir açıqlama yayaraq, Araikin “istefa” qərarını Ruben Vardanyanın vermədiyini bildirmişdi. Açıqlamada istifadə edilən ifadələr, ritorika qruplararası gərginliyin düşmənçilik səviyyəsində olduğunu təsdiqləyirdi.

Bu açıqlamadan sonra proses artıq silahlı müdaxilə mərhələsinə qədəm qoyub. Belə ki, “Hraparak”ın yazdığına görə, Araik Arutyunyanın dostu olan Karen Matevosyanın başçılıq etdiyi “bir qrup milis” “artsax parlamenti”nə soxularaq, David İşxanyandan (separatçı dəstənin “parlament sədri”) hesab tələb etməyə çalışıb.

“İstefa xəbərini eşidəndən sonra Matevosyan cümə axşamı Arutyunyanla görüşüb. Araik təsdiqləyib və deyib ki, heç kim onun tərəfində deyil, hamı onu günahlandırır, ona görə də getmək qərarına gəlib. Matevosyan öz liderini müdafiə etmək, “deputatları” Arutyunyanın yanında olmağa çağırmaq üçün bir qrup milislə birlikdə parlamentə girib. Və artıq dünən “milis rəhbəri” canlı yayıma çıxıb, “artsax xalqı”na bildirib ki, o öz silahlı dəstələri ilə “hökuməti” təşkil etmək və parlament seçkilərini keçirmək məsuliyyətini öz üzərinə götürür. Üstəlik, o, “artsax”dakı vəziyyətə görə hamını, o cümlədən keçmiş “prezidentləri” günahlandırdı və az qala hədələdi ki, razılığa gəlməsələr, onlarla məşğul olacaq”, – nəşr yazıb.

İddia edilib ki, Xankəndidə xaosda Ermənistan Baş naziri Nikol Paşinyan da maraqlıdır və baş verəcək anarxiyada “hakimiyyəti” Samvel Babayana ötürmək üçün hazırlıq gedir. Belə bir iddia da var ki, Matevosyanla Babayan yaxındır.

Belə görünür ki, Azərbaycanın inteqrasiya tələblərini icra etməkdən başqa əlaclarının olmadığını anlayan separatçılar daxilində parçalanma pik səviyyəyə çatıb və burada artıq 3 qrup aktiv fəaliyyətdədir: birinci qrup Rusiyanın layihəsini icra edən Ruben Vardanyan, ikinci qrup Araik Arutyunyan, 3-cü qrup isə Samvel Babayandır.

Rusiya Vardanyanı hansı yolla olursa-olsun, “hakimiyyətə” gətirmək və onun vasitəsilə Qarabağ məsələsini “münaqişə davam edir” statusuna qaytarmağa çalışır. Təsadüfi deyil ki, Arutyunyanın “istefası haqda rus sülhməramlı kontingentinin rəhbərliyini də məlumatlandırdığı” bildirilmişdi. Ancaq buna qarşı Azərbaycanın qəti mövqeyi hələ çoxdan ortadadır və Ruben Vardanyanın 112 gündən sonra “dövlət naziri” vəzifəsindən istefa verməsinin səbəbi də budur.

İkinci qrup Samvel Babayandır və onu Ermənistan hökumətinin dəstəklədiyi ehtimal olunur. Belə ki, Babayan Azərbaycanla inteqrasiya danışıqlarına gedərək, Qarabağ erməniləri üçün hansısa status almağın tərəfindədir və bunun hətta “ən yüksək status” ola biləcəyini də iddia edir.

Bu, əli hər yerdən üzülən erməni separatizmi üçün son şans kimi dəyərləndirilir. Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan Ermənistan hökuməti də Babayanın “strategiyasını” dəstəkləyir və özünü kənara çəkməklə, “Bakı-Xankəndi” dialoqu qurmaq, Xankəndidəki separatçıları danışıqlar tərəfinə çevirmək məqsədi güdür.

Əslində, Samvel Babayan – Qarabağ müharibələrində əli azərbaycanlıları qanına batan “artsax qəhrəmanı” – ən təhlükəli yol tutub və Azərbaycan üçün arzulanmaz şəxsdir.

Arutyunyan isə artıq heç nə bacarmadığını anlayır və aradan çıxmağın yolunu axtarır.

Yeri gəlmişkən, Azərbaycanın Xankəndi şəhərində “milis dəstələri” ilə binalara soxulub, siyasi bəyanatlar verən və beləliklə, Azərbaycan daxilində Ermənistanın “yeni ssenarisini” icra etməyə çalışan Matevosyanla bağlı Azərbaycan Baş Prokurorluğu cinayət işi qaldırıb.

Azərbaycan artıq əvvəlki vaxtlarda olduğu kimi, Xankəndidə gedən oyunları seyr etmək niyyətində deyil…

Teqlər: