Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı yeni planlarını işə salmağa hazırlaşır.
AzerTimes xəbər verir ki, Ermənistan mediası bunu “ikinci plan” adlandırır.
Birinci plan olaraq, erməni kilsəsinin qondarma “artsax yeparxiyasını” ləğv etməməsi, fəaliyyətini dəstəkləməsi göstərilir.
“Hraparak” nəşri yazır ki, ikinci addımı separatçıların qondarma “parlamenti” atacaq.
“Bu həftə iclas keçiriləcək. İlk dəfə (qondarma-red) “deputatlar” bir araya toplaşacaq. Artıq onlar Paşinyan hakimiyyətinə tabe olmaq istəmirlər və “artsax” məsələsini bağlamaq niyyətində deyillər”, – nəşr yazır.
Məlumata görə, qondarma “deputatlar” Azərbaycana qarşı separatizmin davam etdirilməsini müzakirə edəcək.
Qeyd edək ki, erməni separatçıların bu və bu kimi addımlarının praktiki olaraq Azərbaycana təhlükə yaratmaq imkanı yoxdur, hərçənd, separatizmin davam etdirilməsi Azərbaycan və Ermənistan arasında sülh məsələsini riskə ata bilər. Separatçıların yenidən hərəkətə keçmək qərarının Xankəndidə hərbi paradın keçirildiyi gün verilməsi də təsadüfi deyil. Çünki artıq Qarabağda erməni separatizminə yer yoxdur və Xankəndində dalğalanan üçrəngli bayrağın altında ordumuzun qələbə yürüşü bunun əyani nümunəsidir. Separatçılar aktivləşməklə ən azı Ermənistanda mövcudluqlarını qorumağa çalışırlar.