Erməni bloger Roman Baqdasaryan Qarabağda guya yanacağın olmaması və kəndlərdən ərzaq daşımağın mümkünsüzlüyü ilə bağlı erməni KİV-lərinin, eləcə də qanunsuz rejim nümayəndələrinin yaydığı yalanları növbəti dəfə ifşa edib.
AzerTimes xəbər verir ki, o, bu barədə öz Feysbuk səhifəsində yazıb.
“Qarabağdan məlumat gəlir ki, bütün gün bizim bu “məmurlar” və varlılar maşınlarında Xankəndidə dolaşır və heç kim nənələri, uşaqlı qadınları, əlilləri şəhərin bir hissəsindən başqa bir hissəsinə aparmır, heç kim onlara görə maşını saxlamır. Yəni maşın boşdur və insanlar nəqliyyatın olmadığını bilə-bilə dayanacaqdan iki-üç sərnişini götürmək istəmir. Bəs bu nə anlama gəlir? Bu, onu deməyə əsas verir ki, Qarabağ “məmurları” bu qədər insanlıqdan kənarlaşıb, ruhsuz olublar, onların əhalisinə nə mərhəməti, nə də sevgisi var. Eyni şey müharibədən dərhal sonra da baş verdi: Xankəndidə əvvəllər kirayəsi 60 min dram olan kiçik bir otaqlı mənzillərini müharibədən sonra 150, 140 minə kirayə verməyə başladılar. Bu pulları Ermənistanın ödədiyini bilərək etdilər. Yəni Ermənistanı, İrəvanın büdcəsini talamaq üçün qiymətləri Milan və Paris səviyyəsinə qaldırdılar. İnsanların evsiz qalmasından utanmayıb, bu “qaçqınları” soyub, son dramını da qoparırlar. Bu nədir? Biz Avropadan, Rusiyadan kömək istəyəndə bilmirəm ki, bir-birinə o qədər qeyri-insani davranan camaata kim kömək edə bilər? Öz “dövləti” tərəfindən talan edilən insanlara kim kömək edə bilər? Heç kim kömək edə bilməz”, – o bildirib.