Kütləvi toplantıların, mitinqlərin, guya “kütləvi qıtlıq” şüarları ilə uşaqlardan siyasi məqsədlər üçün istifadə olunmasının şahidi oluruq. Elə oradaca Xankəndidəki dəbdəbəli ziyafətlərin görüntüləri sosial şəbəkələrdə yayılır.
AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Xankəndidəki separatçıların mitinqlərini şərh edərkən deyib.
“Bu cür aksiyalar sırf siyasi məqsədlərlə həyata keçirilir. Bu, separatçılar arasında olan revanşistlərin, eləcə də xaricdəki diaspor revanşında maraqlı olan ermənipərəst lobbiçi qüvvələrin bir növ “yürüş” təşkil etmək istəyidir. Başa düşürlər ki, vaxt keçir, siyasi mövqeləri pisləşir, mövqelərini müdafiə etmək üçün ciddi arqumentlər yoxdur. Rəsmi Bakı onlara Azərbaycanın hüquqi məkanına uğurlu reinteqrasiya variantları təklif edir, sadə erməni sakinlərinin belə təklifləri qəbul etməsinə icazə verilmir. Qarabağın gələcəyinin müəyyənləşdiyini görüb isterikaya düşürlər, bütün beynəlxalq aləmə tələblər, şərtlər, şikayətlər, ittihamlarla məktublar göndərirlər. Məqsəd Ermənistanla Azərbaycan arasında sülhün qarşısını almaq, hansısa sənədə imza atmağa imkan verməməkdir. Separatçıların Rusiya sülhməramlı kontingentinin rəhbərliyini şantaj etmək, Rusiya və Azərbaycanı bir-birinə qarşı qoymaq cəhdlərini görürük, hansısa ziddiyyətlər üzərində oynamağa çalışırlar. Moskva ilə Bakı arasında münasibətlərin əsasını Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə təşkil edir. Bizim prezidentlər arasında əla münasibətlərimiz var.
Obyektiv olaraq, Azərbaycan Qarabağın qalan hissəsini də çoxdan öz nəzarətinə qaytara bilərdi. Azərbaycan rəhbəri əla diplomat kimi vəziyyəti və belə bir addımın hansı nəticələrə gətirib çıxara biləcəyini mükəmməl başa düşür. Biz bilirik ki, İlham Əliyev nəsə vəd edibsə, bu, sözsüz həyata keçirilir. Hesab edirəm ki, bu, müxtəlif situasiyalara baxmayaraq, ölkələrimizin prezidentlərinin həmişə razılaşdıqları mühüm amillərdən biridir”, – o bildirib.