Xankəndidə idim, müdafiə xətti yarıldı… – Paşinyan

Xankəndidə idim, müdafiə xətti yarıldı… – Paşinyan

Səhv etmirəmsə, 5 oktyabr 2020-ci ildə mən Xankəndidə, ordunun komanda məntəqəsində idim. O vaxt artıq 9-cu müdafiə xətti yarılmışdı.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 27-də parlamentin 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.

“Qarabağın hərbi-siyasi rəhbərliyi (Qarabağdakı separatçı-terrorçuların rəhbərliyi demək istəyir – red.) də orada idi. Dedim ki, vəziyyət pisləşib, hansı təklifləriniz var? Mən vəziyyətin ciddiliyini dərk edərək ora getdim və buradan insanlarla telefonla əlaqə saxlamağa çalışmadım.

Təkliflə Dağlıq Qarabağın “təhlükəsizlik şurasının” (fərqləndirmə bizimdir – red.) katibi Samvel Babayan çıxış etdi. Söhbət 9-cu müdafiə xəttinin ön hissəsinin bərpasından gedirdi. Bu mövzu ətrafında fərziyyələr dolaşır: “Paşinyan dedi, Serj Sərkisyan Lələtəpəni itirib, yüksəkliyi qaytarmaq lazımdır” – ümumiyyətlə belə şey olmayıb. Bu söhbətin reallıqla heç bir əlaqəsi yoxdur. Mənim üçün Baş Qərargah rəisinin fikri vacib idi. Obyektiv və subyektiv şəraitə görə mən Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində olan insanlara demək olar ki, qeyd-şərtsiz inanırdım və etibar edirdim. Oradan Onik Qasparyanla əlaqə saxladım, dedi ki, bunda məntiq var və o hesab edir ki, “Qarabağ ordusunun” komandiri özü plan tərtib etməli və onun mümkünlüyünü dəyərləndirməlidir. Dedim: çox yaxşı, müsbət və ya mənfi cavab olarsa, mənə hər şeyi bildirin”, – Paşinyan bildirib.

O vurğulayıb ki, siyasi baxımdan bunu qadağan etməyib, amma hərbi baxımdan hər şeyi hərbçilər həll etməli idi:

“Mən artıq İrəvanda idim və Onik Qasparyan mənə bu əməliyyatın həyata keçirilməsi ilə bağlı qərarın verildiyini söylədi. Onik Qasparyan Cəlal Arutyunyanın qarşısına vəzifə qoydu. Bilirəm ki, bu epizodla bağlı cinayət işi başlanıb, araşdırma aparılır”.

Teqlər: