Xankəndidə Bayrağımızın qaldırılmasına hazırlıq gedir

Xankəndidə Bayrağımızın qaldırılmasına hazırlıq gedir

Ermənistan mediasında yayılan məlumatların analizi Xankəndidə Azərbaycanın mərkəzi hakimiyyətinin bərpasına hazırlıq getdiyini deməyə əsas verir: artıq heç bir fəaliyyəti qalmamış separatçı rejim arxivlərini yandırır, erməni əhalisi isə nə baş verəcəyini gözləyir.

Xankəndidə ermənilər separatçılardan “nə olacaq” deyə soruşanda cavab vermirlər. Onların arxivləri yandırması isə artıq təslim olmağa hazırlaşdığından xəbər verir. Bunun fonunda diqqət çəkən məqam separatçıların “rəhbəri” olanları 20 sentyabrda təslim olduqdan sonra yoxa çıxsa da, rəsmi Bakıya qarşı əvvəl qondarma “vəzifələrdə” olmuş şəxslərin – Vardanyan, Beqlaryan və s; – danışması, ittihamlar irəli sürməsidir. Bunu hələ də “müqavimət” göstərmək cəhdi kimi qiymətləndirmək olar, hərçənd, danışanların konkret şəxslər olması və digər separatçıların ümumiyyətlə görünməməsi diqqəti başqa məqama çəkir.

Təslim olduqdan sonra separatçılar üçün əsas məsələ özlərini qorumaq, rəsmi Bakının amnistiya siyahısına düşməkdir, çünki Xankəndidə erməni əhalisinə təhsil, dil, din, bələdiyyə seçkisi kimi hüquqlar verilsə belə, mərkəzi hakimiyyətin bərpasından sonra qondarma qurumun keçmiş və indiki “rəhbərliyində” olanların burada qalması mümkünsüz olacaq, onlar ya həbs olunacaqlar, ya da Qarabağdan çıxmaq imkanları olacaq.

Rəsmi Bakı amnistiya təklifini irəli sürüb, amma bu o demək deyil ki, qondarma rejimin “rəhbərliyində” əvvəl və indi olanların hamısı bundan yararlana biləcək, bu prosesdə mütləq kimlərsə cəzasını da almalıdır. Və separatçılar kimlərisə “qurban” verməli olacaq. İstisna deyil ki, hazırda susanlar amnistiyadan yararlanmaq və getmək imkanı qazanmaq istəyirlər, danışanlar, ittiham irəli sürənlər isə siyahıya düşməmək təhlükəsini hiss edənlərdir.

Teqlər: