Bu gün saat 9:00-da separatçı rejim Xankəndində aksiyaya başlayır. Separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan dünən axşam videomüraciət yayıb və “hamını” meydana çıxmağa çağırıb.
O bildirib ki, “xalq hərəkatına” başlayırlar və bugünkü aksiyada bundan sonra nə edəcəklərinə qərar verəcəklər. Bu, 1988-ci il hadisələrinin təkrarıdır və ermənilər hələ də hesab edirlər ki, 35 il öncə etdikləri kimi, eyn addımla istədiklərinə nail ola biləcəklər. Lakin indi nə ötən əsrdir, nə Azərbaycan həminki ölkə. Bu gün erməni separatizmini Rusiyanın özü belə qorumaq əzmində deyil. Bu baxımdan, qondarma “xalq hərəkatı”nın nəticəyə təsir edəcəyi ehtimalı azdır.
Lakin Brüssel görüşü ərəfəsində separatçıların bu addımının iki məqsədi var:
Birincisi, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına etiraz etmək;
İkincisi, görüşdə Paşinyanın “əlini gücləndirmək”;
Birinci hədəf görüntü xarakteri daşıyır və istisna deyil ki, aksiya qərarını Brüsselə getməmişdən öncə Paşinyan verib.
Paşinyan Brüsseldə qondarma “Xankəndi-Bakı” formatının və “ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxlq mexanizmin” yaradılması iddiasında yenidən israr edəcək. Və Laçın postunun açılmasının vacibliyini irəli sürəcək. Xankəndidəki aksiya da Nikolun iddialarını əsaslandırmaq üçün lazım olduğu görünür. Hərçənd, indiyə qədər belə “aksiya gedişləri” etsələr də, nəticəyə təsir edə bilməyiblər. Azərbaycanın Qarabağla bağlı gündəliyi beynəlxalq müstəvidə artıq qəbul olunub və Bakının prinsipial mövqeyi dəyişməyəcək.