Xankəndidə 6 milyonluq fabrik: Nə vaxt açılır?

Xankəndidə 6 milyonluq fabrik: Nə vaxt açılır?

Xankəndi şəhərində ümumi investisiya dəyəri 6 milyon ABŞ dolları olan toxuculuq fabriki inşa edilir. Özbəkistanla birgə həyata keçirilən layihənin ilkin mərhələsində 400 nəfər işlə təmin olunacaq.

AzerTimes xəbər verir ki, bu barədə Özbəkistanın “BUSINESS TEX JV” şirkətinin direktoru Əfqan Müslümov Azərtac-a bildirib.

O qeyd edib ki, ərazisi 1,5 hektar olan fabrikin tikintialtı sahəsi 4000 kvadratmetrdir. Fabrikin birinci mərtəbəsi kəsim, ikinci və üçüncü mərtəbələri toxuculuq müəssisəsi kimi fəaliyyət göstərəcək. Zirzəmi hissə isə depo olacaq.

Hazırda yüngül sənaye müəssisəsində birinci mərhələdə işlərin 70 faizi icra edilib. Bu ilin sonunadək birinci mərhələnin yekunlaşması nəzərdə tutulur. Fabrikin tam fəaliyyətə başlaması isə 2025-ci ilin sonuna planlaşdırılır. Müəssisə tam fəaliyyətə başlayanda burada 800-1000 nəfər işlə təmin olunacaq. Fabrikə Özbəkistandan da mütəxəssislər cəlb ediləcək.

Fabrikdə quraşdırılacaq dəzgahlar Türkiyədən, tikiş üçün xammal isə Özbəkistandan gətiriləcək. Fabrikdə əsasən qısaqol köynəklərin istehsalı nəzərdə tutulsa da, mərhələli şəkildə müxtəlif geyimlərin istehsalı da planlaşdırılır. İstehsal olunacaq məhsullar yerli bazarla yanaşı, xaricə də ixrac olunacaq. Artıq dünyanın tanınmış geyim firmaları ilə danışıqlar aparılır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin avqustun 22-23-də Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında investisiya proqramları müəyyən olunub. Burada sənaye, kənd təsərrüfatı, turizm və mehmanxana biznesi əsas yer tutur. Daşkənddə Prezident İlham Əliyevin və Prezident Şövkət Mirziyayevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə isə yeni Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilib. Ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçiriləcək ki, Xankəndi şəhərində Özbəkistanın inşa etdiyi toxuculuq fabriki də onlardan biridir.

Teqlər: