Bir neçə gündür ki, ekofəallar, ekologiya ilə bağlı fəaliyyət göstərən QHT-lər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsində xalqın sərvətlərinin talan edilməsinə, rus sülhməramlıların erməni terrorçularla birləşərək narkotik daşımasına, qeyri-qanuni işlərə, eləcə də İrandan gələn terrorçulara etiraz edirlər.
AzerTimes xəbər verir ki, bunu parlamentdə çıxış edən deputat Siyavuş Novruzov deyib.
Komitə sədri əlavə edib ki, hazırda aksiya keçirənlərin yanındadır və onları dəstəkləyir:
“Onlar Azərbaycan vətəndaşları kimi haqlı iş görürlər. Onların əksəriyyəti gənclərdir və bu da Ermənistanın təbliğatını puç edir. “Dövr gələcək, Azərbaycan gəncləri işğalı unudacaqlar” kimi yanaşma özünü doğrultmadı. Azərbaycan gəncliyi xalqını və dövlətini sevir”.
Siyavuş Novruzov qeyd edib ki, şəhidlərimiz, qazilərimiz və aksiyada iştirak edən gənclərimizin hər biri cənab Prezidentin dövründə vətənpərvərlik tərbiyəsi alıblar: “Fəxr edirik ki, bizim belə gənclərimiz var. Belə gəncləri və Ali Baş Komandanı olan dövlət hər zaman qalib gələcək”.