Xankəndi yolunda son durum: İynə atsan, yerə düşməz…

Xankəndi yolunda son durum: İynə atsan, yerə düşməz…

Azərbaycanlı ekofəalların, QHT nümayəndələrinin, könüllülərin və jurnalistlərin Laçın yolundakı aksiyasında iştirak edən Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmış jurnalist Ceyhun Musaoğlunun AzerTimes-a müsahibəsi:

– Ceyhun bəy, hazırda ərazidə vəziyyət necədir?

– Azərbaycanlı ekofəalların, könüllülərin Laçın yolunda keçirdiyi aksiya növbəli şəkildə davam edir. Tələb ondan ibarətdir ki, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının monitorinqlərinə mane olunmasın. Sülhməramlılar bizim həmin ərazilərə daxil olmağımıza imkan vermir. Halbuki həmin yerlər Azərbaycan ərazisidir. Ona görə aksiya hər keçən gün daha da genişlənir.

– Rusiya sülhməramlılarının aksiya keçirilən əraziyə səsgücləndirici gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Bunun səbəbi nədir?

– Aksiya iştirakçıları şüarların səslənməsində səsgücləndiricilərdən istifadə edir, o cümlədən aralıq vaxtlarda musiqi səsləndirir. Rusiya sülhməramlıları da gətirdikləri səsgücləndiricilərlə öz musiqilərini bizə dinlətdirirlər. Narahat olmayın, bizim səsimiz daha gur çıxır.

– Aksiya iştirakçıları ilə sülhməramlılar arasında hansısa xoşagəlməz olay baş verirmi? Ümumiyyətlə, münasibət necədir?

– Münasibət normaldır. Bununla bağlı fotolar da çəkmişik. Sadəcə aksiyanın xarakterinə uyğun olaraq onlara ayrılan zonada dayanıb, növbə çəkirlər. Biz də onlarla üzbəüz dayanıb şüarlar səsləndirib, aksiyamızı davam etdiririk.

– Təxminən ərazidə nə qədər aksiya iştirakçısı var?

– Dəqiq say demək çətindir. Bildiyiniz kimi, aksiya Şuşadan Xankəndiyə ayrılan yolun girişindədir. Ərazidə çadırlar qurulub. Çox insan var, demək olar, iynə atsan, yerə düşməz.

Teqlər: