Xankəndi yolunda aksiya: ruslar da iştirak edir

Xankəndi yolunda aksiya: ruslar da iştirak edir

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

AzerTimes xəbər verir ki, aksiya iştirakçıları axşam saatlarında da yüksək fəallıq nümayiş etdirirlər.

Onlar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda aksiya dinc etirazçıların nümayiş etdirdiyi yüksək əhval-ruhiyyə ilə davam edir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Aksiyada əraziyə dəstək üçün gələn yerli rus icmasının nümayəndələri də iştirak edirlər. Onlar da ekofəallarla birlikdə şüarlar səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Teqlər: