Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil olunan etiraz aksiyası 70-ci gün gecə saatlarında da əzmlə davam edir.
AzerTimes xəbər verir ki, ekofəallar Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi məqsədilə etirazlarını davam etdirirlər. Hazırda aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, şüarlar səsləndirirlər.
Onların ilk gündən olduğu kimi, şüarları dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir”, “Ekoloji cinayətə son”, “Stop ecocide”, “Stop Mining”, “Берегите природу”, “Экоциду нет, Мониторингу да”.
Azərbaycanın təbii sərvətlərinin istismarı və talanmasına etiraz edən aksiya iştirakçıları günlərdir ki, yüksək əzmkarlıq və qətiyyət nümayiş etdirirlər. Ərazi humanitar məqsədlər üçün tam açıqdır, nəqliyyat vasitələrinin sərbəst hərəkətinə heç bir maneə yoxdur. Könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını qətiyyətlə tələb edirlər. Erməni mediasında yayımlanan saxta xəbərlərə görə, guya etirazçılar Laçın-Xankəndi yolunu blokadaya alıblar. Halbuki aksiyanın başladığı ilk gündən təcili yardım maşınları, mülki şəxslər buradan sərbəst şəkildə hərəkət edə bilirlər. Gün ərzində Rusiya sülhməramlılarına məxsus 74 avtomobil aksiya ərazisindən sərbəst keçib. Bu da göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan məlumatlar həqiqəti əks etdirmir. Onların yaydığı belə məlumatlar anti-Azərbaycan ruhlu növbəti avantüradır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azer Gold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.