Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

3 il öncə – 44 günlük savaş sonrası, 10 noyabr bəyannaməsinə ağız büzən, aşağılayan, bəyənməyən, Qələbəmizi “yarımçıq” adlandıran və hakimiyyəti uduzmaqda, geri çəkilməkdə ittiham edən müxalifət sədrləri, İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və digərləri, sizə səslənirəm.

Bu gün, məhz bu gün reallıq diktə edir ki, etiraf edəsiniz: Qarabağ bütöv, məhz sizin də təsvir etdiyiniz şəkildə azad olundu, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir.

Separatçı rejim darmadağındır, rəhbərləri həbs olunur. Bu, İlham Əliyevin böyük, çox böyük, hətta təsəvvür belə etmədiyimiz misilsiz böyük uğurudur, zəfəridir. Nəhayət, bunu dilə gətirin, dövlətimizi, ordumuzu, Ali Baş Komandanımızı təbrik edin! Çünki sizin qarşınıza qoyduğunuz, siyasi mübarizənizin qayəsi hesab etdiyiniz və sizi siyasətə gətirən məsələ – Qarabağ münaqişəsi həmişəlik həll olundu.

Sizin “edəcəyik”, “edə bilərik” dediyiniz hər şeyi İlham Əliyev etdi, mümkünsüzü mümkün etməyi bacardı, adını tarixə yazdı və xalqımızın əbədi sevgisini, duasını, alqışını qazandı. Bunu demək, etiraf etmək, virtual da olsa, qalib rəqibin “əlini sıxmaq” siyasi mədəniyyət olardı, vətənpərvərlik olardı, ədalət olardı, kişilik və ləyaqət olardı.

Nə qədər gec deyil, edin bunu…

Teqlər: