Xankəndi terrorçulardan xilas ediləcəkmi? – Mühüm

Xankəndi terrorçulardan xilas ediləcəkmi? – Mühüm

Hazırda Ordumuzun həyata keçirdiyi antiterror tədbirlərinin nəticəsi olaraq onillərdir terror yuvasına çevrilən Xankəndi şəhərinin terrorçulardan, qanunsuz silahlı birləşmələrdən, o cümlədən qondarma, separatçı dəstədən təmizlənməsi məsələsi hazırda əsas müzakirə mövzusudur.

AzerTimes xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Röyters”ə açıqlamasında müdafiə xəttinin yarıldığını və Azərbaycanın strateji məqsədlərini həyata keçirmək əzmində olduğunu bildirib.

“Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilmərik”, – H.Hacıyev vurğulayıb.

Bu isə o deməkdir ki, antiterror tədbirlərinin məqsədi ölkəmizin ərazisində olan bütün qanunsuz silahlı dəstə və terrorçuların sonunu gətirmək, Qarabağdakı erməni əhalini girovda saxlayan xuntanı aradan qaldırmaq və Xankəndini separatçı-terrorçu ünsürlərdən azad etməkdir.

Qeyd edək ki, əməkdar jurnalist Azər Ayxan da bununla bağlı rəsmi məlumatlara istinad edərək, Xankəndi şəhərinin ölkəmizin yuristiksiyasına keçəcəyini yazıb:

“Rəsmi xəbərdə bildirilir ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bütün ölkə ərazisində bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Xankəndi Azərbaycan Respublikasının ərazisidir. Bu həm yerli qanunlara görə belədir, həm də beynəlxalq qanunlarla öz təsdiqini tapıb. Azərbaycan bütün ərazilərində suverenliyi təmin etmək haqqına sahibdir.

“Konstitusiya quruluşunun bərpası” ifadəsi deyir ki, Xankəndi Azərbaycanın yurisdiksiyasına keçəcək. Tarixi şəhərimizdə qanunlarımız işləyəcək, bayrağımız dalğalanacaq. Separatçıların şəhər ətrafındakı qanunsuz silahlı dəstələri, obyektləri var. Onlar zərərsizləşdirildikdən sonra Xankəndini döyüşsüz də nəzarətə götürmək mümkündür. Şuşada olduğu kimi, küçə döyüşlərinə gərək qalmayacaq”.

Xatırladaq ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Teqlər: