Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapan sənəddə 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırması nəzərdə tutulub. Doğru qərardır.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Xankəndiyə elektrik və internet xətləri də Ermənistandan deyil, Azərbaycanın öz ərazisindən çəkilməlidir:
“Ermənistan 1990-cı illərdə torpaqlarımızı işğal etdikdən sonra ərazimizdən Qarabağa qanunsuz olaraq qaz boru və elektrik xətləri çəkib. Bu boru xətti ilə Rusiya və İran qazı ərazimizə ötürülür. Bu beynəlxalq hüquqa ziddir, bununla əlaqədar Azərbaycanla imzalanan heç bir dövlətlərarası saziş yoxdur.
Qarabağdakı ermənilər anlamalıdırlar ki, qazın, suyun, elektrikin və internetin kənardan alınması dövrü başa çatmaq üzrədir. Bu, separatçılarla yanaşı onların havadarlarına da mesajdır. Ancaq Azərbaycanın digər vətəndaşları kimi ermənilər də kommunal xidmətlərə görə dövlətə pul ödəməli olacaqlar. Bundan əvvəl isə Azərbaycan qanunları ilə yaşamağı qəbul etməlidirlər. Bundan imtina edənlər Azərbaycanı tərk etməli olacaqlar”.