Xankəndi Muzeyi üçün 444 min verilən Laura kimdir?

Xankəndi Muzeyi üçün 444 min verilən Laura kimdir?

Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC-nin Conti Laura ilə satınalma müqaviləsi imzaladığı bildirilir.

AzerTimes Valyuta.az-a istinadən xəbər verir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Dövlət satınalmalar portalında yer alan məlumatda Conti Lauranın qeydiyyat nömrəsi olaraq göstərilən “16262871003” nömrəsi Conti Lauraya deyil, İtaliyada qeydiyyatda olan “Artcloud Network International” şirkətinə məxsusdur. Açıqlanan məlumatlara əsasən satınalma müqaviləsinin “Artcloud Network International” şirkəti ilə, yoxsa Conti Laura ilə imzalandığı başa düşülmür.

Məlumat üçün bildirək ki, satınalma müqaviləsi “Xankəndi Zəfər Muzeyi”nin layihələndirilməsi və məzmununun hazırlanması ilə bağlıdır. Müqavilənin ümumi dəyəri 443 min 920 manat təşkil edir.

Qeyd edək ki, “Artcloud Network International” şirkəti 13 iyul 2021-ci il tarixində Roma (İtaliya) şəhərində “VIA ARBIA, 5” ünvanında qeydiyyata alınıb. “Artcloud Network International” təsis olunmazdan təxminən 5 ay əvvəl – 2021-ci ilin fevral ayında şirkətin təsisçisi Laura Conti və direktoru Fabrizio Conti başqa bir İtaliya şirkətinin – “G Group”un nümayəndələri kimi Bakıda olublar. Onlar sabiq mədəniyyət naziri Anar Kərimov ilə görüşüblər. Görüş zamanı Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması məsələləri müzakirə olunub.

Bu görüşdən sonra Laura Conti və Fabrizio Conti “Artcloud Network International” şirkətini təsis ediblər. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, bu şirkət 2022-ci ilin iyun ayında Kəlbəcərdə təməli atılan İşğal və Zəfər muzeylərini layihələndirib. Bundan başqa, bu şirkət Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinin layihəsini hazırlayıb.

“Artcloud Network International” şirkətinin Azərbaycandan başqa hansı ölkələrdə hansı layihələri icra etdikləri barədə məlumat yoxdur.

İtaliyanın müvafiq rəsmi qurumları tərəfindən açıqlanan məlumatda bildirilir ki, “Artcloud Network International” şirkətinin ötən il 4 milyon 229 min 736 avro dövriyyəsi olub. Şirkətin xalis mənfəəti isə 68 min 981 avro təşkil edib. 2022-ci ildə dövriyyə 8,3 milyon avro (mənfəət 258 min avro), 2021-ci ildə isə 1,3 milyon avro (60 min avro) olub.

“Artcloud Network International” şirkətində layihə meneceri işləyən Aynur Bağırlının isə daha əvvəl Mədəniyyət Nazirliyinin işçisi olduğu bildirilir.

Teqlər: