Hazırda Tehranda səfərdə olan Türkiyə Prezidenti, dünyanın ən böyük və xarizmatik liderlərindən olan Rəcəb Tayyib Ərdoğanın İran Ali dini lideri Əli Xamenei ilə göründən yayılan foto müzakirələrə yol açıb.
AzerTimes xəbər verir ki, Xameneinin Ərdoğanla arasında xüsusi məsafə olduğu, eyni zamanda görüş yerində Türkiyə bayrağının olmaması tənqid edilib. Müqayisə üçün isə Ermənistan Baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Xamenei ilə görüşündən çəkilmiş foto göstərilib.
Xüsusi olaraq vurğulayaq ki, Paşinyanın sözügedən fotosu 2019-cu ilə – pandemiyadan əvvələ aiddir. 2017-ci ildə Azərbaycan lideri, 2018-ci ildə isə Türkiyə lideri ilə Xameneinin görüşü də eyni görüntüdədir (fotolar əlavə edilir).
Pandemiyadan sonra – 2022-ci ildə Xameneinin görüşlərinin formatında dəyişiklik edilib. Belə ki, 2022-ci ilin 8 mayında Suriya lideri Bəşər Əsəd, 20 iyunda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə də eyni formatda görüş olub.
İranın Ali dini liderinin statusu fərqlidir və İranın protokol qaydalarına görə, onunla görüşdə digər ölkələrin bayrağından istifadə edilmir, daha çox, “dini liderlik” təəssüratının yaradılmasına çalışılır.