AzerTimes iranlı yazıçı və ərəb fəalı Yusif Əzizi Bənitorofun müsahibəsini təqdim edir.
– İran HƏMAS-İsrail münaqişəsinə qoşula bilərmi?
– Xeyr. İran nə qədər ki öz qruplarından istifadə edəcək, heç vaxt birbaşa müharibəyə daxil olmayacaq. İran bu münaqişəyə yalnız ABŞ, yaxud İsrail birbaşa İrana hücum edəcəyi halda cəlb oluna bilər. Açığı, bunun olacağını düşünmürəm. Çünki həm ABŞ müharibənin genişlənməsindən narahatdır, həm də İsrailin hazırda İranla döyüşə girmək və yeni bir cəbhə açmaq gücü yoxdur. Hətta Livanda Hizbullaha hücum etmək istəsə də, bacarmır.
– Əgər İsrail həqiqətən də İranla yeni cəbhə yaratmaq fikrində deyilsə, niyə hər dəfə İranı müharibə ilə hədələyir, “Tehranı ilanın başı və qanuni hədəf” adlandırır?
– Əgər Netanyahunun həqiqətən belə fikri olsaydı, çoxdan müharibə elan edərdi. Ancaq etmir. Bu təhdidlər müharibə yaradacaq həddə deyil. Bundan əvvəl də Səudiyyə kralı da eyni sözü İran haqqında istifadə etmişdi. Ancaq bu, müharibəyə səbəb olmadı.
– İran və İsrail həqiqətən düşməndir, ya bütün bunlar gözdən pərdə asmaq üçün regionda uzunmüddətli siyasətin bir hissəsidir?
– İranla İsrailin bir-birinin düşmənçiliyinə ehtiyacı var. İran rejiminin, xüsusi ilə də Xameneinin bu düşmənçilikdən öz siyasi məqsədləri üçün istifadə etməyə müxtəlif motivasiyaları var. Əsas səbəb məzhəb məsələsidir. İran hökuməti radikal dini inanca məxsus olduğu üçün yəhudi hökumətini qəsbkar və özünün düşməni kimi görür. İkinci bir məsələ isə İran Fələstini himayə etmək şüarları ilə İsrailin rəqibi olmaq istəyir. İsraillə düşmənlik iddiası ona İraq, Suriya, Yəmən, Livan, hətta Fələstin üzərində güc sahibi olmaq şansı verir. İran regionda bir növ imperializm siyasəti yeritmək istəyir.
– İran “Xeybərşekən” ballistik raketlərindən istifdə ilə dünya ictimaiyyətinə nəyi sübut etmək istəyir?
– İranın Ərbilə hücumu (Ərbilə “Xeybərşekən”lə zərbə endirilmişdi – red.) həm daxili auditoriyanı qorxu ilə nəzarətdə saxlamaq, həm də beynəlxalq aləmdə güc nümayiş etdirmək istəyindən irəli gəlir. Hücumun digər bir səbəbi isə regiondakı kürd silahlıları qorxutmaq idi. İraqın reaksiyası şiddətli olduğundan və İranda belə etirazlar baş verdiyindən, vəziyyət elə gərgin hal aldı ki, İran Xarici İşlər Nazirliyi bu əməliyyatı SEPAH-ın hökumətdən xəbərsiz həyata keçirdiyini demək məcburiyyətində qaldı.
– Əgər İran bu qədər güc nümayişi qayğısındadırsa, niyə indiyədək Süleymaninin qisasını almağa müvəffəq ola bilməyib?
– ABŞ hərbi bazasını vurduqdan sonra İran bu məsələdə heç nə etmədi. Hətta bu əməliyyat haqda belə əvvəlcədən qarşı tərəfə xəbər verilmişdi. İranın bu qisası almağa gücü çatmır və bu səbəbdən ancaq ora-bura raket atır. Bu cür kiçik hücumlar ABŞ-a müəyyən problemlər yaratsa da, ABŞ qüvvələrini İraqdan tamamilə çıxarmağa kifayət etmir.