XalqOnline – biznes üçün ən yaxşı bank tətbiqi

Ukraynanın SME Banking Club agentliyi Azərbaycan banklarının mobil tətbiqlərinin biznes üçün imkan və funksionallığına dair geniş araşdırma keçirib. Azərbaycan banklarının korporativ seqmentinə xidmət göstərən mobil bankların reytinqində Xalq Bankın XalqOnline mobil bank tətbiqi birinci yerə layiq görülüb. Bu haqda agentliyin Azərbaycanda biznes mobil bankçılığının inkişafına həsr olunmuş xüsusi buraxılışında məlumat verilir (Mobile Business Banking 2021).

Araşdırmada ölkənin aparıcı bankları arasında korporativ müştərilər üçün mobil bank platformasına malik bankların – Bank Respublika, Kapital Bank, Pasha Bank, Premium Bank, Unibank və Xalq Bankın mobil tətbiqi iştirak edib. Mütəxəssislər mobil bankı biznes üçün maksimum imkanları əks etdirən əsas funksiyalarını – qeydiyyat prosesi, əmanətlər, ana səhifə, maliyyə, hesab və çıxarışlar, digər sistemlərlə inteqrasiya, ödənişlər, təhlükəsizlik, valyuta əməliyyatları, kartlar, dəstək və kommunikasiya kanalları üzrə 130 meyar əsasında qiymətləndiriblər.

XalqOnline Xalq Bankın vahid platforma daxilində fərdi və korporativ müştərilərə xidmət göstərən internet və mobil bank sistemidir. Layihə 2019-cu ildə Xalq Bank tərəfindən texnoloji tərəfdaşı olan LWO International (Belarus) şirkəti ilə birgə həyata keçirilib.

SME Banking Club – 25-dən çox ölkədə fəaliyyət göstərən orta və kiçik biznesi banklarla əlaqələndirən peşəkar şəbəkə, biznes bankçılıq (kredit təhlili, risklərin idarəedilməsi, məhsulların inkişaf etdirməsi, marketinq və satış) sahəsində böyük təcrübəyə malik bank konsaltinq mərkəzidir.

Mənbə: https://smebanking.news/ru/40234-mobile-business-banking-2021-azerbaijan/

Teqlər: