Xalqın səsini eşitmədi, nəticəsi də budur – Düpüy

Xalqın səsini eşitmədi, nəticəsi də budur – Düpüy

1986-cı ildən bəri ilk dəfə seçicilərin təqribən 67%-i səs vermək qərarına gəlib. Bu isə böyük və sevindirici bir sürprizdir. Çünki bizdə belə bir təəssürat yaranıb ki, fransızlar səsvermə prosesini heç də birmənalı qiymətləndirmir.

Bu sözləri AzerTimes-a Fransada keçirilən parlament seçkilərinin birinci turu barədə danışan Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib.

Düpüy AP-yə seçkilərdə məğlubiyyətdən sonra Makronun parlamenti buraxmaqdan başqa çarəsinin olmadığını bildirib:

“Digər müşahidəm isə odur ki, Makronun tərəfində olan iştirakçı partiyaların bir qismi Milli Birliyin və Yeni Xalq Cəbhəsinin əleyhinə səs versə də, iqtidar partiyasının lehinə səs verməyib. Bu isə makronizmin və siyasi partiyaların ilk turda çöküşlə üzləşdiyini göstərir. Əgər ikinci turda 577 yerdən 300-nü götürə bilməsələr, yəqin ki, yenə eyni aqibətlə üzləşəcəklər. Digər tərəfdən, biz Avropanın başqa yerlərində siyasi həyatın qütbləşdiyini, ifrat sağın güclü olduğunu, ifrat solun isə tədricən qüvvətləndiyini görürük. Bu baxımdan Fransadakı vəziyyətə də bir növ haqq qazandırmaq mümkündür. Yəni ölkələrə nəzər yetirdiyimiz zaman ifrat sağın ya hakimiyyətdə olduğunu, yaxud güclənərək nüfuzunu artırdığını görə bilərik. Belə ölkələrə İspaniya, Portuqaliya, İsveç, Macarıstan, Slovakiya və qismən Avstriyanı örnək verə bilərik. Ona görə də Makronun parlamenti buraxmaqdan başqa çarəsi yox idi. Çünki ya hökuməti bir neçə həftə sonra dağılacaqdı, yaxud parlament hökumətə qarşı senzuralara başlayacaqdı. Beləliklə, son nəticədə prezident baş naziri dəyişməyə məcbur olacaqdı. Bu nəticələr 2027-ci il seçkiləri üçün Makrona açıq siqnaldır”.

Ekspert iqtidar partiyasının məğlubiyyətinin səbəblərini sadalayıb:

“Makronun seçkidə məğlub olmasının bir neçə səbəbi var. Belə ki, o, cəmiyyətdə həyata keçirdiyi siyasətə rəğbətin olmadığını nəzərə almayıb.

Prezident pensiya islahatı, kənd təsərrüfatı məhsullarının, zəruri malların qiymətlərinin artırılması zamanı vətəndaşların şikayətlərini qulaqardına vurub. Sadaladıqlarımız da seçkinin nəticələrinə birbaşa təsir göstərib”.

Qeyd edək ki, 30 iyunda Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən növbədənkənar seçkilərin birinci turunda Makronun koalisiyası 3-cü yer tutub, Milli Birlik Partiyası birinci, Yeni Xalq Cəbhəsi isə ikinci olub.

Teqlər: