Azərbaycan xalqı qardaş Pakistanın dəstəyini heç vaxt unutmayacaq.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr edilmiş konfransda deyib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsində Pakistan möhkəm mövqeyini daim ifadə edib və Azərbaycan tarixində ən çətin məqamda Pakistan Azərbaycana siyasi dəstəyini göstərib:
“44 gün davam edən müharibə dövründə Pakistan bizimlə birgə olub. Azərbaycan xalqı qardaşımızdan olan bu dəstəyi heç vaxt unutmayacaq”.
Nazir müavini deyib ki, Azərbaycan və Pakistan arasında bütün sahələrdə olan əməkdaşlıq günbəgün inkişaf edir: “İki ölkə arasında olan münasibətlər qardaşlıq prinsiplərinə əsaslanır, bu isə Azərbaycan dövləti və xalqı tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanla Pakistan arasında diplomatik münasibətlər 30 il bundan əvvəl qoyulub. Bu müddət ərzində ölkələr arasında yüksək səviyyəli səfərlər həyata keçirilib, ikitərəfli müqavilələr imzalanıb”.
S. Məmmədov qeyd edib ki, Azərbaycan və Pakistan arasında yaradılmış Hökumətlərarası Komissiya ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır:”İqtisadiyyat Nazirliyi olaraq biz əlimizdən gələni edəcəyik ki, Pakistandan olan iş adamlarına bütün imkanları yaradaq”.