ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən
sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq
konfransda Cənab Prezident İlham Əliyev giriş nitqi ilə çıxış etdi
və 23 ölkədən gəlmiş nümayəndənin suallarını ətraflı şəkildə
cavablandırdı. Ölkə başçısı, Ermənistan-Azərbaycan
münasibətlərindəki son vəziyyət, 30 illik işğal dövründə
ermənilərin törətdikləri vəhşiliklər, müharibədən sonra yaranmış
reallıqlar, sülh müqaviləsinin bağlanmasına maneçilik törədən
amillər, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, həyata
keçirilən infrastruktur layihələri, tikinti-bərpa işləri, məcburi
köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən
tədbirlər barədə konfrans içtirakçılarını məlumatlandırdı və
gələcək fəaliyyət istiqamətlərinin, daxili siyasətdə həyata
keçirilməsi nəzərdə tutulan islahatların anonsunu verdi.
Cənab prezident konfransın tarixi əhəmiyyətini qeyd edərək
bildirdi ki, qloballaşan dünyada inteqrasiya meyillərinə üstünlük
verən Azərbaycanın siyasəti mehriban qonşuluğa, iqtisadi inkişafa
və bəşəri dəyərlərə hörmət üzərində qurulmuşdur. Çox mürəkkəb
proseslərin cərəyan etdiyi indiki zamanda həm regionda, həm də
dünyada öz yerini müəyyənləşdirmək bu gün prioritet məsələlərindən
biridir.
Bu gün regionda başqa reallıqlar hakimdir. Torpaqlarını azad
edən Azərbaycan Ermənistanın işğal siyasətinə son qoyub. Bu
reallıqlar həm də ondan ibarətdir ki, dünya reallıqları qəbul
edərək ermənilərin Azərbaycan torpaqlarına dair iddialarını yaxına
buraxmır. Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması ilə bağlı gündəliyi isə Prezident İlham Əliyev
müəyyən edir.
Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov söyləmişdir.
Millət vəkili qeyd etmişdir ki, “Azərbaycan tərəfinin sülh
müqaviləsinin imzalanması üçün təklif etiyi 5 prinsipə Ermənistan
hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər
Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək.
Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla
delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun
yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və
həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh
uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycan tərəfinin təkil etdiyi
sülh gündəliyi Cənubi Qafqazda dayanıqlı sülhü təmin etməklə
bərabər, regionun inkişafı üçün də töhfə olacaqdır. Qarabağda
yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha
təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk
növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları
anlamalıdırlar.
Azərbaycanın hazırda Qarabağda və Şərqi Zəngəzurda hıəyata
keçirdiyi enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu ərazidə
istifadəyə verilmiş elektrik stansiyaları regionun elektrik
təminatını qarşılayacaqdır.
Azərbaycanın yaratdığı yeni reallıqlarda, regionda
münasibətlərin normallaşdırılması prosesində diqqəti çəkən başqa
bir məqam vasitəçiliklə bağlı missiyanın dəyişməsi, yeni formatın
yaranmasıdır. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb və
ötən ilin dekabrından başlanan “Brüssel prosesi”nin gedişatı onun
nəticəyönümlü olmasına hesablanıb. Göründüyü kimi, bu prosesdə
ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur.
Eyni zamanda yeni format göstərir ki, Azərbaycanın yaratdığı
reallıqlar Minsk qrupunu tarixin arxivinə göndərib.
Millət vəkili bildirmişdir ki, “Müstəqilliyin gücləndirilməsi –
Azərbaycanın dövlət siyasətinin ideoloji təməlidir. Azərbaycan
dövləti və hakimiyyəti işğal dövründə həm Qarabağı geri qaytarmaq
həm də dövlət müstəqilliyinin gücləndirilməsi və onun dönməz
xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də
enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub.
Məhz Qarabağın geri qaytarılması və işğala son qoyulması
müstəqilliyin bariz nümunəsidir.
Bu gün biz bütün qonşu dövlətlərlə mehriban sülh şəraitində
yaşamaq, iqtisadi potensialımızı gücləndirmək, Cənubi Qafqazda
dayanıqlı sülhün bərqərar olmasında maraqlıyıq. Cənab Prezident
konfransda sualları cavablandırarkən bildirdi ki, “Həm Türkiyə, həm
də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın
iştirakçılarıdır. Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq
Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün
olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə
alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə
olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik
və sabitliyə xidmət edir
Ölkəmizin bütün qonşularla yaxşı münasibətləri var – təkcə
Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da”
30 il ərzində ancaq Ermənistanın başını sığallamaqla məşğul olan
Minsk Qrupu tarixin arxivinə gömüldüyündən Azərbaycan Avropa
İttifaqını ədalətli vasitəçi kimi hesab edir və onun səylərini
alqışlayır. İndi Avropa İttifaqı ilə ticarət, enerji, nəqliyyat,
humanitar və demokratik inkişaf məsələləri istiqamətində böyük
işlərin həyata keçirilməsi reallaşmaq üzrədir”.
Millət vəkili qeyd etmişdir ki, “Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, hələ də Avropada ikili standartlar qalmaqdadır. İşğal
olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən
dağıdılmasına heç bir məhəl qoymayan, bunu siyasi yanaşma hesab
edən UNESCO erməni abidələrinin dağılacağı əndişəsini yaşayır.
Halbuki onlar hələ də etiraf edə bilmirlər ki, Azərbaycan tolerant
ölkə olmaqla yanaşı, tarixə və tarixi abidələrə qayğı və sayğı ilə
yanaşır. Kimin necə qəbul etməsindən asılı olmayaraq, Azərbaycan öz
strateji hədəflərinə doğru inamla addımlayacaq, Zəngəzur dəhlisi də
açılacaq. Bu dəhliz təkcə bizim deyil, ermənilərin də xeyrinə
olacaq, onlar da Azərbaycanın enerji resurslarından bu və ya digər
formada faydalanacaqlar. Sərhədlər də yaxın vaxtlarda müəyyən
ediləcək”.
Sonda millət vəkili bildirmişdir ki, “Tarix şəxsiyyətləri
yetişdirdiyi kimi, şəxsiyyət də tarixin gedişini dəyişdirir. Bu
mənada cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik
siyasəti bu müddəanı bir az da gücləndirmiş, nəinki erməniləri,
hətta dünya güclərini belə reallıqla barışmağa məcbur etmişdir.
Artıq Azərbaycan müzəffər bir xalq kimi öz yeni tarixini- inkişaf
və tərəqqi tarixini yaradır. XXI əsrin birinci rübü bu böyük hadisə
ilə tarixə qovuşacaqdır. Cənab Prezident İlham Əliyevin liderliyi
ilə şərəfli tarixini yaşayan Azərbaycan islahatlar və stabil
inkişaf modeli ilə öz dövlətçiliyini daha da möhkəmləndirəcək və
yaxın zamanlarda Cənubi Qafqazda sülhün təminatçısı olacaqdır”.