Xalq yazıçısı Kamal Abdullanın gənclərlə görüşü keçirilib (FOTO)

Mayın 24-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi
və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Gənclər
təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” proqramı
çərçivəsində Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin
rektoru, akademik Kamal Abdulla ilə görüş keçirilib. Görüş Dünya
Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən “Əbədi sevgi – Vətən”
layihəsi əsasında baş tutub.

Xalq yazıçısı Kamal Abdulla elmi və ədəbi yaradıcılığı, sevdiyi
yazıçılar, mütaliə, “Kitabi-Dədə Qorqud” dastanı haqqında gənclərin
suallarını cavablandırıb, mədəniyyətşünaslıq, mifologiya və
mifolinqvistika haqqında fikirlərini bölüşüb. Eyni zamanda gənclər
Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq
Fondunun uğurlu layihəsi olan Yaradıcılıq fakültəsi, fondun həyata
keçirdiyi digər işlər haqqında məlumatlandırılıb.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)
təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər
Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və
xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə nəşr
olunan “Həqiqətin onomastikası” kitabı haqqında məlumat verilib.
Qeyd olunub ki, gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab
erməni vandalizminin və erməni saxtakarlığının ən bariz
nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki
Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış
azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın
toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və
saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli
şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.

Yazıçı eyni zamanda 2020-ci ildə Türkiyədə çap olunan
“Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabını gənclərə
hədiyyə edib.

Qeyd edək ki, görüşün məqsədi gənclər arasında vətənpərvərlik
hislərinin təbliği istiqamətində iş aparmaq, həmçinin yazarların
vətənpərvərliklə bağlı qələmə aldıqları ədəbi nümunələri çap
etməklə yanaşı, onların təbliğini geniş oxucu kütləsi arasında
həyata keçirməkdən ibarətdir

Teqlər: